Simvol foto © Gerd Altmann / pixabay.com
Simvol foto © Gerd Altmann / pixabay.com


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniya sığınacaq üçün müraciət edən qaçqın və miqrantların cibxərcliyini artırmağı planlaşdırır. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniyanın iş naziri Hubertus Heil (SPD) məlumat verib. Onun sözlərinə görə, hazırda Almaniyada sığınacaq üçün müraciət edən qaçqın və miqrantlar Sosial İdarələrin (Sozialamt) öhdəliyinə keçənə qədər cibxərcliyi alırlar. Onlar yaşayış yeri və gündə üç dəfə olmaqla qida ilə təmin olunurlar. Nazir vurğulayıb ki,  hazırda subay böyüklərə 135 avro, evli cütlüklərə 122 avro, 14-17 yaş arası gənclərə 76 avro, 6-13 yaş arası uşaqlara 83 avro, 0-5 yaş arası uşaqlara isə 79 avro aylıq cibxərcliyi ödənilir.

Sosial Demokrat Partiyası (SPD) tərəfindən Buntestaqa təqdim edilmək üçün hazırlanan təklif paketində qeyd olunur ki, subay böyüklərə 150 avro, evli cütlüklərə 136 avro, 14-17 yaş arası gənclərə 79 avro, 6-13 yaş arası uşaqlara 97 avro, 0-5 yaş arası uşaqlara isə 84 avro aylıq cibxərcliyi ödənməlidir. 

SPD-nin bu təklif paketi indidən birmənalı qarşılanmayıb. 

Xristian Demokrat İttifaqından (CDU) olan deputatlar hesab edir ki, Almaniya hazırda qaçqın və miqrantlara ən yüksək sosial yardım edən Avropa ölkəsidir. Deputatlar “Dublin” proseduruna düşən qaçqın və miqrantlarla bağlı təkliflər də veriblər. Onlar bildiriblər ki, həmin şəxslərə yalnız təyyarə bileti alınmalıdır, əlavə maddi yardımlar edilməməlidir. 

Almaniyanın nüfuzlu “Bild am Sonntag” qəzetinin məlumatına görə, SPD-nin qaçqın və miqrantlar üçün hazırladığı yeni cibxərcliyi planı 2020-ci ildə tətbiq oluna bilər.