“Rosqvardiya” və polis əməkdaşları Moskvanın ən iri ərzaq bazarlarından olan “Fud Siti”də reyd keçirir. “Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” agentliyinə hüquq-mühafizə orqanlarında olan mənbə məlumat verib. 

Mənbənin sözlərinə görə, martın 12-də səhər saatlarında Kaluj şosesinin 22-ci kilometrliyində yerləşən bazara “Rosqvardiya” əməkdaşları səfərbər olunublar: “İçəri heç kimi buraxmırlar. Polis əməkdaşları axtarışlar aparır, bazarda işləyənləri sorğu-sual edirlər”.

Mənbə reydin hansı səbəbdən keçirildiyi və saxlanılanların olub-olmadığı barədə məlumat verməyib. 

“Prestupnaya Rossiya” saytı yazır ki, “Fud-Siti”nin səhmdarları azərbaycanlı iş adamları, milyarderlər Qod Nisanovla Zarah İliyevdir.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya mətbuatında “Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun azərbaycanlıların çalışdığı “Fud Siti” aqroklasterinə nəzarəti ələ keçirdiyinə dair informasiya yayılıb. Məlumatda bildirilirdi ki, “Fud Siti” daha öncə 2016-cı ildə Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Lənkəranskinin əmisi oğlu Zaur Əhmədovun nəzarəti altında idi. 
 
Xatırladaq ki, analoji tədbir martın 11-də azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevə məxsus “Sadovod” bazarında, həmçinin, “Moskva” ticarət mərkəzində də həyata keçirilib.

***

“Fud Siti”nin Strateji İnkişaf Şöbəsinin müdiri Sergey Juravlev “İnterfaks”a bildirib ki, hüquq-mühafizə orqanlarının aqroklasterin ərazisində apardığı yoxlama profilaktik olub. 

Hazırda bazar normal rejimdə fəaliyyət göstərir.