Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com

Fərhad Çağtürk / AzEuroNews.com / Köln“Təəssüf ki, Almaniyada qaçqın kimi məskunlaşan şəxslər bir qayda olaraq öz soydaşları tərəfindən aldadılır. Son vaxtlar bilərəkdən və ya bilməyərəkdən Türkiyədən olan və Avropada yaşayan türklər və həmvətənlərimiz tərəfindən aldadıldıqlarını iddia edən və bu barədə sosial şəbəkələrdə məlumat paylaşan soydaşlarımızın sayı artmaqda davam edir”. Bunu AzEuroNews.com -a açıqlamasında Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev deyib.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Onun sözlərinə görə, hətta Rusiyada uzun illər yaşayan, bu və ya digər formada istismara məruz qalan, xeyli maddi ziyan vurulan və bir dəfə də olsun etiraz etməyən, Almaniyada türk taksi sürücüsü tərəfindən aldadıldıqlarını dilə gətirməklə türklərin gözdən salınmasına dolayısıyla xidmət edənlər də var: “Bəlkə də, elə buna görədir ki, Avropaya gələnlərə ilk məsləhət azərbaycanlılardan uzaq olmaq haqqında olur. Əslində bu problem təkcə bizim həmvətənlərimiz və ya bizimlə eyni dildə danışan Türkiyə vətəndaşları olan türklər arasında mövcud deyil. Təbii ki, iş axtaran və ya nəyəsə ehtiyacı olan şəxslər ilk olaraq onları başa düşən şəxslərə müraciət edir və belə insanların sayı həddindən artıq çoxdur. Heç şübhəsiz ki, belələri arasında aldadan və ya aldadılanın da olması mümkündür. Lakin bunu insanlar azərbaycanlı , türk və ya rus olduğuna görə etmir. Hansı dildə danışmasından asılı olmayaraq hər millətin belə təmsilçilərinin olması mümkündür”.

Ə.Əliyev bildirb ki, Almaniya mətbuatının məlumatına görə, Suriyadan qaçqın olan İmad (ad şərtidir) adlı birisi Almaniyada 1 il yarım yaşadıqdan sonra həmyerlisinin məsləhəti ilə rəhbəri Suriya vətəndaşı olan bir təmizlik firmasında işə düzəlib. Firmanın rəhbəri onu yarım ştat kimi qeydiyyata alıb, əslində isə hər gün 10-12 saat işlədib. Bu, işəgötürənin vergidən yayınmasına şərait yaradıb. İmadın sözlərinə görə, şirkətdə təxminən 200 nəfər suriyalı işləyir və əksəriyyəti onun kimi istismar olunur. Əksəriyyəti də yeni gələn qaçqınlardır. Hər gün o, təxminən 20-dən çox mənzil təmizləyir. İşi bitirmədən evə dönmək ona qadağan edilib. Bu da onun evə çox gec gəlib çıxmasına səbəb olur. Firmanın tələblərinə əməl etməyənlər isə işdən azad edilir. O, baş verən qanunsuzluqlarla bağlı bir dəfə müdirinə rəsmi müraciət edib. Lakin cavab əvəzinə işdən kənarlaşdırılması barədə əmr alıb. Almaniyaya gəlməzdən əvvəl o, Suriya ordusunda zabit qismində xidmət edib. Ona görə təhlükəsizlik xidmətində özünə yeni iş axtarmağa çalışıb və yenə də onu başa düşən həmyerlilərinin köməyi ilə iş axtarmağa başlayıb: “Qaçqınlara saatına görə 2-3 avro ödəyən firmaların sayı kifayyət qədərdir. Almaniyada qaçqınların əməyinin istismarına tez-tez təsadüf edilir. Qaçqınlar Almaniyaya yeni gəldikləri üçün yerli qanunvericiliyi bilmirlər. İş axtaranlar təbii ki, daha çox onlarla eyni dildə danışan həmvətənlərinə müraciət edirlər və belələrinin arasında yalançıların da olması labüddür. 
Əslində işə düzəlmək üçün Almaniyada şəxsdən alman dilini bilməsi tələb olunur. Bundan başqa mükəmməl təhsilli şəxlərə Almaniyanın əmək bazarı açıqdır və belələri uğurla inteqrasiya oluna bilir. Lakin, qaçqınların əksəriyyəti bu tələblərə uyğun deyil”.

Federal əmək təşkilatının məlumatına görə, Almaniyaya gəlmiş əmək hüququna malik qaçqınların 40%-i orta təhsillidir, 35%-i Almaniyada orta təhsili tamamlayır, 12%-i ibtidai təhsillidir, 13 %-i isə ümumiyyətlə məktəbə getməyib.

Alman İnsan Hüquqları İnstitutunun hesabatında göstərilir ki, aşağı təhsilli şəxslərin insan alverinin qurbanı olması riski daha yüksəkdir. Eyni zamanda iş icazəsi almayan qaçqınlar da risk qrupuna aiddir çünki, onların əmək müqaviləsi olmadan müxtəlif sahələrdə pul qazanmaq üçün işləməyə başlayırlar, sonra isə əmək istismarının qurbanına çevirirlər. Almaniyada qaçqınlar bir qayda olaraq tikinti, ət emalı sənayəsi, xəstələrə və qocalara xidmət və kənd təsərrüfatı sahəsində əməyin istismarına məruz qalırlar.

Bəzən işə götürənlər qaçqınların 2-3 avroya belə işlədə bilirlər. Bəzən qaçqınlar sosial şəbəkələrdə verilən elanlardan özlərinə qanunsuz iş tapırlar ki, bu da sonra onların istismara məruz qalmalarına şərait yaradır.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, 2019-cu ilin yanvar azında 455 min nəfər qaçqın işədüzəltmə agentliyində qeydiyyatdadır və iş axtarır. Onlardan 187 min nəfəri hələ də işsiz hesab olunur. Almaniyada əcnəbilər arasında işsizlik səviyyəsi yerli camaatla müqayisədə 30 faiz yüksəkdir.

Alman İnsan Hüquqları İnstuitutu əcnəbilərin istismarı faktlarının mövcud olmasını və bundan narahatlıq keçirdiyini ifadə edir.

Hüquqşünasın sözlərinə görə,  Almaniyaya mühacirət etmiş soydaşlarımız ilk olaraq alman cəmiyyətinə inteqrasiya olunmağa çalışmalı və bunun üçün inteqrasiya olunmuş həmvətənlərimizdən faydalanmalıdırlar: “Biz Almaniyada olan Azərbaycan və ya türk icmalarının dəstəyi ilə, onlarla mehriban münasibət saxlamaqla, yerli cəmiyyətə inteqrasiya olunmalıyıq”.