Simvol foto © Rudy and Peter Skitterians / pixabay.com
Simvol foto © Rudy and Peter Skitterians / pixabay.com


Almaniyada məskunlaşmış (məskunlaşmış dedikdə müvəqqəti və ya daimi yaşamaq hüququ alan şəxslər nəzərdə tutulur) miqrantlar daha sonra digər ailə üzvlərini, yetkinlik yaşına çatmış uşaqlarını və ya valideynlərini də Almaniyaya gətirməyə qərar verir. Bunu həyata keçirməyin bir neçə yolu var. Ailə Birləşməsi haqqında Qanun (AufenthG §3 (2.) Almaniyada olan ailə üzvü ilə yetkinlik yaşına çatan şəxslərin birləşmə yolunu dəqiq müəyyən edir. Qanun eyni zamanda Avropa İttifaqı vətəndaşı olmayan ailə üzvlərinin Almaniyaya gəlişini məhdudlaşdıran normalar da müəyyən edir. Almaniyada məskunlaşmış ailələrin Azərbaycanda yaşayan yetkilik yaşına çatmış uşaqları və ya valideynləri avtomatik olaraq Almaniyada yaşamaq hüququnu müstəsna hallarda əldə edirlər. Bu hallardan biri həyat üçün “xüsusi əhəmiyyətli əsaslar” hesab edilir. “Xüsusi əhəmiyyətli əsaslar” anlayışı dəqiq açıqlanmır və bu hallar fərdi şəkildə məmur tərəfindən müəyyən edilir. Əgər məmur ailə birləşməsi haqqında müraciətə rədd cavabı verirsə, müsbət qərarın məhkəmədə əldə olunacağına ümid etməklə şikayət etmək vacibdir. 

Məsələn, əgər miqrantın valideyni yaşlıdırsa və vətənində ona baxmağa kimsə yoxdursa, bu, ailənin birləşməsi üçün tam əsas ola bilər. Bu halda sübut olunmalıdır ki, valideyinlərə daimi qayğı və birbaşa xidmət vacibdir, həmin qayğı və xidməti göstərəcək başqa övladı yoxdur, yaxud onlar bunu istəmir. 

Belə müraciətlər zamanı “Auslanderamt”ın əməkdaşını inandırmaq lazımdır ki, bu, ölüm-dirim məsələsidir. Nəzərə almaq lazımdır ki, bu müraciətlərə şəxsi ailə konteksi çərçivəsində baxılır. Ölkədəki iqtisadi, sosial, hüquqi vəziyyət qətiyyən nəzərə alınmır.

Eyni zamanda nəzərə alın ki, məmuru inandırmaq lazımdır ki, Almaniyaya gəlməli olan şəxsin problemi həqiqətən onun gəlişindən sonra həll olunacaq. Məsələn, baxımsızlıqdan əziyyət cəkən valideyn ailə birləşməsi sayəsində bu vəziyyətdən xilas olacaq. 

Məmur ilk olaraq müraciət edən şəxsin aylıq gəlirləri haqqında bilgiləri toplayır və yoxlayır. Daha sonra yaşayış yerinin valideynlərlə yaşamağa imkan verməsi faktını araşdırır. 

Təbii ki, sosial idarənin himayəsində olan və gəlirləri normal olmayan şəxslərin valideynləri və yetkinlik yaşına çatan ailə üzvləri ilə ailə birləşməsinə baş vurması əhəmiyyətsizdir. 

Daha sonra məmuru inandırmaq lazımdır ki, dəvət edən şəxs valideynlərinə xidmət göstərmək arzusuna və imkanına malikdir. Bir qayda olaraq münaqişəli ailələrə imkan verilmir ki, valideynlərini yanına gətirsin. Müvafiq orqanlar qəbul etməli olan ailənin dəvət olunan şəxslərə xidmətə hazır olmasını hərtərəfli araşdırır. 

Dəvət olunan miqrantlarla bağlı əsas məqamlardan biri də onların təhlükəsiz yaşayışının təmini üçün tələb olunan tibbi sığorta hesab olunur. Almaniya qanunlarına əsasən, hər kəs sığorta olunmalıdır. Bu məsələdə şəxs dövlət və ya xüsusi sığortadan yararlana bilər. Dövlət tərəfindən sığortalanan zaman işçi üzvlük haqqını ödəyir və arvadını (ərini), uşaqları da sığorta edir. Həmin müqaviləyə valideynləri əlavə etmək mümkün deyil. Ona görə də, bu halda xüsusi sığorta agentliklərinə müraciət olunmalıdır. 50 yaşı tamam olan şəxslər üçün şəxsi sığorta şirkətlərində sığortalanmaq kifayət qədər bahadır. 

Daimi xidmət tələb olunan yaşlıların xüsusi siğorta şirkətlərində sığortalanması üşün ayda 1400-1600 avro tələb olunur. Yaşı 65-i keçmiş əcnəbilərin sığortalanması üçün isə ayda təxminən 2000 avro tələb olunur. 

Beləliklə, göründüyü kimi, yetkinlik yaşına çatan ailə üzvlərinin və ya valideynlərin Almaniyaya gətirilməsi üçün valideynlərin və ya onlardan birinin xüsusilə ağır vəziyyətdə olduğunu, gəlişin şəxsin yaşaması üçün yeganə yol olmasını sübut etmək, onların pul və yaşayış yeri ilə təmin olunacağı haqqında öhdəliklərə əməl etmək, tibbi sığortanın olması lazımdır .

Bundan başqa digər yollar da mövcuddur. Həmin yollardan biri dil öyrənmək üçün tələb olunan qaydada viza almaqdır. Bu viza bir illik verilir. Bunun ücün kursa tələb olunan ödəniş edilməlidir və şəxs həftədə 18 saatdan az olmamaq şərti ilə kursa getməlidir. Bu halda eyni zamanda turistlər üçün nəzərdə tutulan tibbi sığorta olunmalıdır. 

Bu müddət ərzində başqa variantlardan istifadə etməklə Almaniyada yaşayış hüququ müddətinin artırılmasına nail olmaq mümkündür. 

Məsələn, əgər valideynin yaşı 50-dən aşağıdırsa, o, işə düzələ bilər. Ali təhsil haqqında diplomu olanlar bundan daha yaxşı faydalana bilərlər. Alman dilini bilmək də şansı artıran hallardan biri hesab edilir. İşə başlayandan sonra müvəqqəti yaşamaq hüququ veriləcək ki, bu da çox önəmlidir. 

Almaniyada pensiya yaşı 67 yaş hesab edilir. 8 il işləyən hər kəs şərtsiz olaraq vətəndaşlıq almaq hüququ əldə edir. 

Dil öyrənmək və işə düzəlmək şansı olmayanlar qonaq vizası əsasında Almaniyaya gələ bilərlər. Arzuların gerçəkləşdirilməsi üçün sadaladığım və qanunla nəzərdə tutulan və ya qanununla qadağan olunmayan yollar daha çoxdur.

Əlövsət Əliyev, hüquqşünas Almaniya, Düsseldorf
Əlövsət Əliyev, hüquqşünas
Almaniya, Düsseldorf