Azərbaycan Texniki Universiteti müəllim olan və “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərovun “Demokrat.az” xəbər saytının baş redaktoru Vasif Həsənliyə qarşı qaldırdığı iddia əsasında ötən gün Salyan rayon məhkəməsində məhkəmə iclası keçirilib. 
BakuPost xəbər verir ki, iclasa Salyan Rayon Məhkəməsinin hakimi Muradağa Qasımov sədrlik edib. Prosesdə Şamil Heydərovun vəkili çıxış edərək hakimdən iş adamı Şamil Heydərov haqqında “Demokrat.az” saytında dərc olunan yazıların saytdan çıxarılmasını, həmin yazı materialları barədə təkzib verilməsini və 15 min manat təzminat ödənilməsini tələb edib.
Daha sonra vəkil hakimdən söz alaraq çıxışını belə davam edib: “Möhtərəm hakim, dəyərli iş adamı olan Şamil Heydərov haqqında “Karqo Şamil” ifadəsi işlədilməsi qadağan edilməlidir. Hörmətli Şamil müəllim bu ifadədən narahat olur. O gün qaçqınlar üçün inşa olunmuş binanın açılış zamanı da cənab Prezident gülərək Şamil müəllimi “Karqo Şamil bura gəl!” deyə yanına çağırdı…”. İclasda çıxış edən saytın baş redaktoru Vasif Həsənli isə iş adamı Şamil Heydərovun vəkilinin qaldırdığı tələblərin əsassız olduğunu söyləyib.Onun sözlərinə görə, Bakının Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən “İdeal” MTK-ya məxsus binanın sakinləri tərəfindən edilən müraciət əsasında yazı hazırlanıb.
“Həmin yazıda bizə şikayət edən sakinlər bildirib ki, iş adamı Şamil Heydərova məxsus olan Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən “İdeal” MTK-ya aid binada sakinlərdən “sayğac pulu” adı ilə əlavə vəsaitlər toplanılıb. Sakinlərin sözlərinə görə, həmin binanın komendantı 2012-ci ildə təbii qazın çəkilməsi üçün guya “Azəriqaz” İstehsalat Birliyinə külli miqdarda rüşvət vəsaiti verildiyini əsas gətirərək, bina sakinlərinə hər mənzilə görə 1000 manatdan pul alınaraq “smartkart” tipli sayğaclar satılıb. Həmçinin sakinlər deyir ki, indi də binanın komendantı onlardan mənzilbaşı “Azərsu” sayğacı üçün 150, “Azərişıq” sayğacı üçün isə 400 manat pul tələb edir. Biz də bu məlumatı “KİV haqqında” qanunun tələblərinə əməl olunaraq, qarşı tərəfin mövqeyini öyrənməklə saytda yerləşdirmişik. Nəzərinizə çatdırım ki, həmin materialı dərc edən zaman qarşı tərəfin mövqeyi kimi sözügedən binanın komendantı olan Sahib adlı şəxsin və “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin fikirlərini yayımlamışıq. Bütün bunlardan əvvəl isə biz iş adamı Şamil Heydərovla dəfələrlə əlaqə yaratmağa çalışmışıq. Çox təəssüf ki, Şamil Heydərovla əlaqə yaratmaq cəhdlərimiz qarşı tərəfin suallardan yayınmasına görə uğursuz alınıb. Bir neçə gün sonra isə Şamil Heydərovun mobil telefon nömrəsini taparaq, ona zəng edib mövqeyini öyrənməyə çalışdım. Lakin Şamil Heydərov suallarıma cavab vermək əvəzinə məni polis və prokurorluqla hədələdi, haqqımda aşağılyaıcı fikirlər söylədi”.
Daha sonra Vasif Həsənli Şamil Heydərovla telefon danışığının səs yazısını da məhkəməyə təqdim edib. 
Həmçinin, baş redaktor işi ilə əlaqədar hazırda Abşeron rayonunda müvəqqəti ünvanda yaşamasını əsas gətirərək, növbəti məhkəmə iclaslarının Abşeron rayon məhkəməsində keçirilməsi ilə bağlı məhkəmədə vəsadət qaldırıb. Lakin hakim bu vəsadətin qanunla yol vermədiyini söyləyərək, onu təmin etməyib.
Növbəti məhkəmə prosesi 9 aprel 2019-cu il saat 11:00-a təyin olunub.