AzEuroNews.com ➤ Bir qrup gənc Novruz bayramı ilə əlaqədar şəhid ailələrini ziyarət ediblər. AzEuroNews.comxəbər verir ki, bu barədə jurnalist Cavid Qurbanov məlumat verib. Onun sözlərinə görə,  ideya təklifi şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Orucludan gəlib: “Gənclər də bir araya gəldilər və qərara alındı ki, 2 aprel şəhidlərinin ailələrini bu bayram günündə ziyarət edək. Kampaniyanın adını “Şəhidimiz” qoydular və bir çox ailə ziyarət edildi. Yəqin ki, helikopterdə şəhid olan mayor Urfan Vəlizadəni xatırlayırsınız. Biz onun ailəsini ziyarətə getdik. Həyat yoldaşı Könül xanım qapını açanda necə sevindi bir biləsiniz. Üzündə həm sevinc var idi, həm də sanki “dərdimi bölüşüb sakitləşməyə insanlar var” tipli bir hiss var idi. Şəhidin böyük qızı məktəbdə idi. Kiçik qızı Betül isə anası ilə evdə. Görüşdük, bayramlaşdıq, danışdıq, dərdləşdik. Bizi çaya qonaq elədi. Baş verənlərdən danışdı. Şəhidin şəkillərinə baxdıq. Yoldaşı ilə son gününü xırdalıqlarına qədər xatırlayıb danışdı. Urfanın uşaqlarını son dəfə necə qucaqlamasından tutmuş, arxasıyca su atıb dua eləməsinə kimi. Həmin gün şəhidin qaynanasının ad günü imiş. Könül xanıma zəng edib ki, sən hədiyyəni al get. Mən də gələndə alacağam. Elə həmin gün axşam da ad günündə nəyinsə düz getmədiyiniz hiss edib Könül xanım. Sabahsı gün artıq hər şeyi bilib. Amma içində 1 qram, 1 faiz də olsa hələ də ümid var ki, bəlkə də itkin düşüb, bəlkə də indi gələcək. Bir gözü gülür, bir gözü ağlayır. O qədər ürəyi təmiz insandır ki, deyir hamı təsəlli vermək üçün mənə deyir ki, “”sən tək deyilsən başqalarının da həyat yoldaşları şəhid olub” . amma mən təsəlli istəmirəm. İstəmirəm heç kim şəhid olsun. Uşaqlar atasız qalmasın”.

C.Qurbanovun sözlərinə görə, məqsədiləri şəhid ailələrinin dərdini təzələmək olmayı: “Bunun üçün getməmişdik.Amma söhbəti bölmək də olmurdu. Aprel şəhidi, pilot mayor Təbriz Musazadənin ailəsini də ziyarət etdik. Çox təsirli bir gün keçirdik və bir az da olsa Könül xanım sevindi. Uşaqlara, Aqşin Orucluya təşəkkürlər”.

Foto © Cavid Qurbanov