Loma Linda (Kaliforniya, ABŞ) tədqiqatçıları 70 min amerikalının gündəlik menyusunu analiz ediblər. Alimlər bununla qida rasionu ilə uzunömürlülük və ölüm riski arasında əlaqənin olub-olmadığını aydınlaşdırmağa çalışıblar.

Belə ki, elmi işin müəllifləri bundan ötrü təcrübə iştirakçılarını 4 qrupa bölüblər: vegetarian olmayanlar, balıq vegetarianları (ət yox, balıq və dəniz məhsulları istifadə edirlər), süd-yumurta qidalanmasına üstünlük verənlər və xalis veganlar (rasiondan heyvan mənşəli bütün qidaları çıxaranlar).

Qastronomik vərdişlər və sağlamlıq göstəricilərinin analizi 6 il çəkib. Tədqiqatçılar qeyd edir ki, bu zaman ərzində vegetarianlar arasında ölüm faizi ət yeyənlərlə müqayisədə 12 faiz aşağı olub. Ən aşağı ölüm faizi isə balıq vegetarianları qrupunda qeydə alınıb. Onların ardınca veganlar, süd-yumurta vegetarianları gəlir.

Alimlər vegetarianlarda ürək-damar xəstəlikləri riskinin, böyrək və endokrin pozuntularının əhəmiyyətli dərəcədə aşağı olduğunu da aşkar ediblər. Həmçinin müəyyən ediblər ki, ət məhsullarından imtina kişilərin orqanizminə daha yaxşı təsir edir, nəinki qadınların.