Fərhad  Çağtürk / AzEuroNews.com ➤  Avropa ölkələrində müvəqqəti yaşamaq icazəsi alan azərbaycanlılar Gürcüstana səyahət zaman əsassız yoxlamalara məruz qalırlar. Bu barədə AzEuroNews.com-a ötən ay Gürcüstanın Kutaisi şəhərinə səyahət edən Məmməd İsmayılov adlı həmvətənimiz məlumat verib. Onun sözlərinə görə, Almaniyanın Dortmund şəhərindən Gürcüstanın Kutaisi şəhərinə səfər edib: “Almaniyada 3 illik müvəqqəti yaşamaq icazəm var. Hamıda olduğu kimi mənə də mavi rəngli səyahət üçün olan pasportdan verilib. Əcnəbilərlər iş üzrə idarədə bu pasport mənə təqdim olunarkən bildirildi ki, təkcə Azərbaycandan başqa bütün ölkələrə səyahət edə bilərsən. Azərbaycana səyahətin qadağan olunması ilə bağlı pasportumda xüsusi qeyd də var. Əslində bu qadağa deyil, Azərbaycana getməli olsam qaçqın statusunu itirəcəyimlə bağlı bir bildirişdir. Kutaisi hava limanına çatanda pasport kontrolda məni saxladılar. Tez polis əməkdaşı gəlib məndən Kutaisiyə niyə gəldiyimi soruşdu. Daha sonra kənarda gözləməmi istədi. Bu zaman daha iki polis əməkdaşı gəlib mənim yanımda dayandı ki, birdən qaçaram. Nə baş verdiyini bilmirdim. Bu əsnada bir mülki geyimli polis gəlib mənim şəklimi çəkib getdi. Nəhayət iki saatdan sonra gələn polis əməkdaşı məndən Azərbaycanın verdiyi xarici pasportu istədi. Bildirdim ki, üzərimdə deyil, çantamdadır, onu da təyyarənin yük yerinə vermişəm. Mənə pasport kontroldan keçib çantamı götürməyimə şərait yaratdılar. Azərbaycan pasportunu verdikdən sonra yenə gözləməyimi söylədilər. Daha yarım saat da gözlədim. Polis əməkdaşı Tiflisə gedib-getməyəcəyimi soruşdu. Dedim yox, Kutaisini gəzib qayıdıram. Geri dönüş biletimi də göstərdim. Əsassız saxlanılmamla bağlı soruşduqda isə, bildirdilər ki, bu sadəcə bir prosedurdur“.

M.İsmayılov deyir ki, geri dönərkən heç bir yoxlamaya məruz qalmayıb: “Geri dönüşdə heç bir problem yaratmadılar. Pasportu yoxlayan polisə gələrkən başıma gələni dedik isə, təəcübləndi və dedi ki, normalda Almaniyanın verdiyi göy rəgnli pasportu göstərməklə rahat səyahət edə bilərsiniz”.

 AzEuroNews.com məsələ ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyinə sorğu verib. Sorğunun cavabı yaxın günlərdə saytımızda yayımlanacaq