Bu gün Ali Məhkəmədə ReAL Partiyasının sədri İlqar Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report” xəbər verir ki, hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında çıxardığı cəza dəyişdirilib, İ.Məmmədovun şərti cəzası ləğv edilib.

Belə ki, İ.Məmmədovun cəzası 5 il 6 ay 9 günə endirilib və həmin müddət də çəkilmiş hesab olunub.

Qeyd edək ki, İ.Məmmədov və Müsavat Partiyası başqanının keçmiş müavini Tofiq Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Ali Məhkəmənin Plenumunda İ.Məmmədov barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. İ.Məmmədovun barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarları ləğv edilib və apellyasiya instansiya məhkəməsinə göndərilib.

Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, İ.Məmmədov cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib və o azadlığa buraxılıb. Daha sonra İ.Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, T.Yaqublu Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə əfv olunub.