Anar Nəcəfli
Anar Nəcəfli

AzEuroNews.com /Bakı  ➤ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Ələt-Hacıqabul yolu ilə bağlı yayılan məlumatlara cavab verib.

AzEuroNews.com -un məlumatına görə,  Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsinin tikintisinə 2000-ci ildə imzalanmış müqavilə əsasında 2001-ci ildə başlanılmış və 2004-cü ildə tikinti işləri başa çatdırılıb:

“II texniki dərəcədən I texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yol 45 km uzunluğa malikdir. Yol üzərində 2 yeraltı piyada keçidi və 7 körpü tikilərək istifadəyə verilib. Magistral yolun Ələt-Hacıqabul hissəsinin tikintisinin maliyyəıəşdirmə mənbəyi Küveyt Fondu və İslam İnkişaf Bankı olub.

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Ələt-Hacıqabul hissəsi 15 ilə yaxın müddətdə istismar olunmasına baxmayaraq bunun üçün ciddi zərurət yaranmadığı üçün sözügedən yolda indiyə qədər orta və əsaslı təmir işləri həyata keçirilməyib.

Halbuki ümumi istifadədə olan avtomobil yollarında sərt olmayan yol geyimlərinin və süni qurğuların təmirlərarası xidmət müddətləri normalarına əsasən, orta və əsaslı təmir işləri avtomobil yollarının texniki dərəcəsindən, gün ərzində nəqliyyat axınının orta hərəkət şiddətindən, yol geyimlərinin tipindən və yol-iqlim rayonlaşmasından asılı olaraq həyata keçirilir.

Normalara əsasən I texniki dərəcəli avtomobil yollarında ən çox yüklənmiş zolaq üzrə hərəkət şiddəti sutka ərzində 3 min – 6 min 500 avtomobil arası dəyişirsə yolda orta təmir işləri ən geci 3 ildən bir həyata keçirilməlidir.

Bundan başqa təmirlərarası xidmət müddətləri normalarına əsasən, I texniki dərəcəli avtomobil yollarında nəqliyat axınının hərəkət şiddəti sutka ərzində 7 min avtomobildən çox olduqda hər 15 ildən bir əsaslı təmir işləri həyata keçirilməlidir. Üstəlik respublikanın avtomobil yolları IV-V yol-iqlim zonalarına aid olduğu üçün də bu təmir müddəti 15 ildən bir olmalıdır”.

A.Nəcəfli qeyd edib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət etdiyi Ələt-Hacıqabul avtomobil yolunda hərəkətin orta sutkalıq intensivliyi 2004-cü ildə 2000 – 2200 avtomobil təşkil edirdisə, hazırda yol ilə sutka ərzində keçən maşınların orta sayı 8-9 dəfə artaraq 18 – 20 min avtomobilə çatıb:

“Bu isə hər zolaqla orta hesabla 4500 – 5000 avtomobil deməkdir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla magistralın sözügedən hissəsində yolun aşınma layının tam olaraq yenilənməsi ilə orta təmir işləri 3 ildən bir həyata keçirilməklə artıq əsaslı təmir işlərinin aparılması zərurəti yaranmalı idi. Ancaq ciddi zərurət yaranmadığı üçün 15 ilə yaxın istismar olunan yolda əsaslı təmir işlərinə deyil, orta təmir işlərinə zərurət yaranıb ki, yaxın günlərdə bu istiqamətdə işlərə start veriləcək”.