“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov demokrat.az saytına müsahibəsində “Space” televiziyası ilə bağlı həqiqətləri danşıb. AzEuroNews.com həmin hissəni təqdim edir: 

Ölkə prezidenti İlham Əliyev bu yaxınlarda mədəniyyət nümayəndələri ilə görüş keçirdi. Siz də ölkə başçısı ilə görüşənlər arasında idiniz. Orada prezidentə telekanalların sizə olan qadağasından danışdınız. Bu görüşdən sonra dəyişən nə olub?

  – “Space” TV də öz ampluasında qalır. Mən heç o telekanala qayıtmaq da istəmirəm. Çünki bu telekanal əvvəlcə “Planet Parni iz Baku”ya öz borcunu ödəməlidir. 2012-ci ildə ölkə başçısının ehtiyat fondundan Azərbaycan serialları üçün ayrılmış pullardan bizə gəlib çatmayıb. O vaxt bizə “Bir kəndin sevinci” serialını çəkdirdilər, amma pulumuzu vermədilər. Dedilər ki, pulumuz yoxdur. Bu telekanal indiyədək bizə həmin pulu borcludur. Özü də bu borc devalvasiyadan əvvəlki kursladır.

– Təxminən borc nə qədər məbləğ təşkil edir?

– Təxminən 70 min. Bizə ilk qadağanı da məhz “Space” telekanalı qoyub. O vaxt telekanalın rəhbəri Vaqif Mustafayev öz mövqeyini açıq-aydın bildirsəydi, başqalarının fikri ilə oturub-durmasaydı, heç bu gün belə xırda problem də işıq üzü görməzdi.

Xatırlayıram ki, “Space” telekanalı vaxtilə “Məhəllə” və “Məhəllə 2” filmlərini göstərirdi. Monitorinq aparmısınızmı ki, qadağadan sonra bu telekanal həmin filmləri göstərir?

– Bizim icazəmiz olmadan heç bir layihəmizi efirdə göstərə bilməzlər. Çünki burada müəllif hüquqları var. Heç biz buna razı olmarıq ki, göstərilək. Çünki “Space”in daha böyük layihələri var: hind kinoları (gülür). Ona görə də mən inanmıram ki, onlarda “Məhəllə” üçün yer tapılsın.