Foto © AzEuroNews.com
Foto © AzEuroNews.com


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤ Ötən ay Almaniyaya gələn 399 Gürcüstan vətəndaşı geri qayıtmayıb. AzEuroNews.com xəbər verir ki, onlar Almaniyada sığınacaq üçün müraciət ediblər.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) təqdim etdiyi statistikaya görə, bu rəqəm bu ilin yanvar ayında 534 nəfər olaraq qeydə alınıb.

Miqrasiya üzrə ekspertlərin sözlərinə görə, biometrik pasporta sahib Gürcüstan vətəndaşlarının 2017-ci ilin martından Avropaya vizasız səyahət etməsi ilə bağlı qərar qəbul edildikdən sonra bu ölkə vətəndaşlarının Avropa dövlətlərindən sığınacaq istəməsi statistikasında artış müşahidə olunur. 

Məlumat üçün qeyd edək ki, bu ilin yanvar ayında Almaniya Bundestaqı Gürcüstan, həmçinin Əlcəzair, Mərakeş və Tunisi Almaniya üçün “təhlükəsiz mənşəli ölkələr siyahısı”na (sichere Herkunftsländer) daxil edilməsi haqqında qanun qəbul edib. 

Bununla da Almaniya Federal hökuməti bu ölkələrdən qaçqın axınının azalacağına və sığınacaqdan imtina edənlərin ölkədən deportasiya prosedurunun asanlaşacağına ümid edir.

Sözügedən dörd ölkədən yalnız Gürcüstan 2017-ci ilin mart ayından etibarən Avropa İttifaqı ölkələri ilə vizasız rejimə malikdir. Alman mütəxəssisləri qeyd edirlər ki, gürcüstanlı turistlərlə yanaşı, həm də cinayətkarlar Almaniyaya sərbəst giriş imkanı əldə edə və fəaliyyətlərini aktivləşdirə biliblər.
Almaniyanın Daxili İşlər Nazirliyi hesab edir ki, çoxlu Gürcüstan vətəndaşı vizasız rejimdən sui- istifadə edərək sığınacaq axtaran şəxs kimi müraciət edir və aylarla, bəzən isə illərlə Almaniyada qalmaq imkanı əldə edərək cinayət hadisələri törədirlər.

2017-ci ildə Almaniyada cinayət törətməkdə şübhəli bilinən sığınacaq axtaranların ümumi sayında gürcülərin payı 2,1% olub. Bu, çox yüksək rəqəmdir. Çünki alman hakimiyyət orqanlarına sığınacaq almaq üçün ərizə verən bütün miqrantlardan yalnız 0,7% -ni Gürcüstan vətəndaşları təşkil edir. Yəni, Gürcüstan vətəndaşları olan qaçqınlar arasında cinayətkarlar başqa ölkələrdən olanlarla müqayisədə üç dəfə çoxdur. Gürcüstan vətəndaşlarının törətdiyi cinayətlərin 75%-ni oğurluq halları təşkil edir.