Fərhad Çağtürk / AzEuroNews.com ➤  Hər gün 5 nəfər Almaniyanın şərqindəki sağçı ekstrimistlərin qurbanı olur. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat veriblər. Məlumatda deyilir ki, Almaniyanın şərqində yerləşən 6 federal ərazidə sağ qanad radikal hərəkatın tərəfdarları tərəfindən fərqli insanlara münasibətdə baş verən hücumların sayı artmaqda davam edir.
Zorakılıq qurbanlarına yardım mərkəzlərinin məlumatına görə ötən il Berlin, Brandenburq, Mecklenburg-Qərb Pomeraniya, Saksoniya, Saksoniya-Anhalt və Thuringiya şəhərlərində sağçı ekstrimistlər tərəfindən 1212 hücum qeydə alınıb. Bu, əvvəlki ilin göstəricisindən 8% çoxdur – bir il əvvəl 1123 belə hadisə qeydə alınmışdı.

Yeni statistik məlumat sağ qanad, irqçi və antisemitizm zorakılığının qurbanları üçün Məsləhətləşmə Mərkəzləri Assosiasiyası tərəfindən bu həftə açıqlanıb (VBRG).
2018-ci ildə bütövlükdə 1789 şəxsə qarşı belə hücumlar baş verib. Hücumlara məruz qalanlardan 250 nəfərdən çoxu uşaqlar və gənclərdir. Bu isə o deməkdir ki, Almaniyada hər gün irqçilik və milli dözümsüzlük səbəbiylə təxminən beş hücum həyata keçirilir. Bu cinayətlər nəticəsində ən azı 962 nəfər yaralanıb və onlardan 509-u az ağır və ya ağır dərəcəli bədən xəsarəti alıb. 
Sağçı ekstrimistlər tərəfindən bu qəbildən olan cinayətlər şərqi Saksoniyada daha çox qeydə alınıb: keçən il 317 hücum, 2017-ci ildə isə 229 hücum qeydə alınmışdı. Saksoniyanın paytaxtı olan Dresden şəhərində Pegida ( Patriot Avropalılar Qərbin islamlaşmasına qarşı) təşkilatının mənzil qərargahı yerləşir. Bu qrupun tərəfdarları anti-immiqrant və çox radikal fikirləri ilə tanınırlar.

Hesabatda deyilir ki, şərqi Almaniyada qeydə alınan bütün hücumların üçdə ikisi, 793-ü qaçqın və digər miqrantlara qarşı yönəldilib.