Azərbaycanın ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu aprelin 15-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, həm cari ilin, həm də əvvəlki illərin məzunları ali və orta ixtisas təhsili məüssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmək istədikləri halda, aprelin 15-dək elektron ərizələrinin təsdiqini təmin etməlidirlər. 

İmtahanda yalnız elektron ərizələrini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, əvvəlki illərin məzunları və tam orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər üçün qəbul imtahanının birinci mərhələsi aprelin 28-də keçiriləcək. İmtahanda iştirak etmək üçün aprelin 15-dək “Abituriyentin elektron ərizəsi” forması təsdiq olunmalıdır.

Qaydalara əsasən, qəbul imtahanın birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Xatırladaq ki, 10 aprel saat 12.30-a olan məlumata əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 72155 abituriyent öz ərizəsini təsdiq edib.

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.