Azərbaycanın Almaniyadakı Səfirliyi
Azərbaycanın Almaniyadakı Səfirliyi


Fərhad Çağtürk / AzEuroNews.com  ➤  Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev Ədliyyə , Xarici İşlər, Daxili İşlər naziri və Dövlət Miqrasiya Xidmətinin rəisinə müraciət edib. AzEuroNews.com -a göndərilən müraciətdə deyilir ki, xarici ölkələrdə dünyaya gələn Azərbaycan Respublikası vətəndaşları barədə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən aparılır. Lakin bəzi hallarda xaricdə doğulan uşaqlar haqqında dövlət qeydiyyatı aparılmadan həmin şəxslərə doğum faktını təsdiq edən tibbi arayış və ya onların valideynlərinin vətəndaşlıq mənsubiyyətini təsdiq edən sənəd əsasında qayıdış şəhadətnaməsi verilir.

Əlövsət Əliyev
Əlövsət Əliyev

“Onlar həmin sənədlər əsasında Azərbaycan Respublikasına qayıdırlar. Azərbaycan Respublikasına qayıtdıqdan sonra valideynləri müvafiq orqanlara müraciət etsələr də, həmin uşaqlar doğum haqqında şəhadətnamə və şəxsiyyəti təsdiq edən digər sənədlər ala bilmirlər. Müvafiq dövlət orqanları həmin uşaqların valideynlərindən uşaqların şəxsiyyəti təsdiq edən müvafiq sənədlə təmin olunmaları üçün onların xaricdə (bu halda isə konkret Almaniya Federativ Respublikasında) doğulmasını təsdiq edən və səfirlik tərəfindən tərcümə və təsdiq edilmiş sənəd tələb edirlər. Konsulluq əməkdaşının Azərbaycan vətəndaşı kimi tanıdığı, vətəndaşlığı təsdiq edən sənədlə təmin etdiyi uşaqları Azərbaycana qayıdandan sonra Ədliyyə Nazirliyinin qeydiyyat orqanları vətəndaş kimi tanımır və doğum haqqında şəhadətnamə ilə təmin etmir. Uşaq vətəndaş deyilsə, niyə Konsulluq İdarəsi onlara qayıdış şəhadətnaməsi verib Azərbaycana göndərir, vətəndaşdırsa niyə Ədliyyə Nazirliyi həmin uşaqları doğum haqqında şəhadətnamə ilə təmin etməkdən imtina edir? Vətəndaşların ASAN Xidmət, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi, Konsulluq Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanladıqları çoxsaylı müraciətlərinə verilən cavablar da da bu suala cavab tapmır. Hazırda Azərbaycan Respublikasından uşaqlarına doğum haqqında şəhadətnamə və şəxsiyyəti təsdiq edən müvafiq sənədi ala bilməyən və bu səbəbdən də hüquqi yardım göstərilməsi üçün mənə müraciət edən onlarla ailə var. Qeyd edilən uşaqların sənədləri olmadığı üçün onlar təhsil və tibbi yardım almaq kimi hüquqlarından məhrum olurlar. Əlavə edək ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti bu məsələni nəzarətə götürsə də, həll yollarını tapa bilmədi, onun cəhdləri də bu günə kimi heç bir müsbət nəticə verməyib”- deyə Ə.Əliyev müraciətində vurğulayıb.

Müraciətdə xahiş olunur ki, qanunvericiliyin tələblərini nəzərə alaraq, vətəndaşların şəxsiyyəti təsdiq edən müvafiq sənədlərlə təmin olunmasına yaradılan süni əngəlləri aradan qaldırmaq və problemin qısa zamanda həlli üçün müvafiq tədbirlər görülsün. 
Müraciətin sürəti nəzarət qaydasında Azərbaycan Respublikası Prezidentinə göndərilib.