7NEWS.az xəbər verir ki, bu barədə jurnalist İlkin Pirəli öz facebook səhifəsində məlumat verib. Məlumatda deyilir ki, başçının bu addımı bütün Abşeron camaatını ayaa qaldırıb. Məlumatı təqdim edirik: “Abşeronun icra başçısı İradə Gülməmmədova qoçuluq edir – Birbaşa prezidentin əleyhinə işləyir

Təsəvvür edin ki, Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin gününü qara gətirib, evini uçurdublar, yerlə-yeksan ediblər.

Təsəvvür edirsiniz dəə nə deməkdir bu?

Belə vəhşilik olar? Gəlinin cehizi yeni gəlibmiş, divan, qablar qırılıb.

Ailə 1999-cu ildən həmin evdə yaşayır. 

Lap deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Əslində sənədlər də qaydasındadır. Düşünək ki, gözünüzü qan örtüb, evi məhv etmək istəyirsiniz, gözləyin toyu eləsinlər dəə. A kişi, ay qadın, ailə yazıqdı axı…

Ailə çadır istəyib, onu da verməyib, hazırda çöldə qalıblar.

Neçənci dəfədir, icra başçısı bu cür edir. O qadın nəzərə almalıdır ki, prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir. 

Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!”

Mövzu ilə bağlı AzEuroNews.com  Abşeron RİH ilə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri Seymur Qasımov saytımıza bildirib ki, rayon icra hakimiyyəti tərəfindən söküntü işləri aparılmır: “Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi isə məhkəmə icraçıları tərəfindən həyata keçirilib. Belə ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmdə baxılıb. İdiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib. Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən Hüseynov Raqif Əjdər oğlu tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi qət edilib. Bundan sonra qarşı tərəf məhkəmənin qətnaməsindən müvafiq instansiyalara müraciət etsə də yenə də qətnamə qüvvədə saxlanılıb. Nəticədə məhkəmə icraçıları tərəfindən qanunsuz tikili sökülüb.
Abşeron Rayon İcra Hakimiyyəti olaraq bir daha bildiriik ki, RİH tərəfindən hər hansı bir söküntü işləri aparılmır.

Seymur Qasımov

Təəssüf ki, vətəndaşların bəziləri “məhkəmə icraçıları” deyəndə Rayon İcra Hakimiyyəti kimi başa düşür. Daha biz təsəvvür edə bilməzdik ki, özünü jurnalist adlandıran şəxs də məhkəmə icraçıları ilə Rayon İcra Hakimiyyətini qarışıq sala bilər. Bir jurnalist özünün “facebook” səhifəsində hər hansı bir qurum haqda fikir yazarkən sözünün məsuliyyətini bilməli və qarşı tərəfin də mövqeyini öyrənsəydi, bu, onun peşəkarlığından xəbər verərdi. Təəssüf ki, qeyri-peşəkar addım atıb və nəticədə də bəzi kütləvi informasiya vasitələrində qeyri-dəqiq informasiya yayılıb”