Finlandiyada Azərbaycan-Turk Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarovanın “Report”a müsahibəsi:

– Skandinaviyada, xüsusilə də Finlandiyada azərbaycanlıların hazırkı fəaliyyəti, təşkilatlanma işi necədir?

– Son bir neçə ildə Skandinaviya ölkələrində, eləcə də Finlandiyada azərbaycanlıların fəaliyyətində dinamika var. Bu istər müxtəlif ümumilli məqsəd daşıyan tədbirlərin keçirilməsində, istərsə də yerli rəsmilərlə təmasların, birgə işlərin gerçəkləşdirilməsində özünü göstərir. Məsələn, son illər təmsil etdiyim təşkilat olaraq Türkiyə diasporu və təmsilçiləri ilə birlikdə yerli fin rəsmilərlə bir neçə mühüm təmaslarımız olub. Bundan başqa, yerli təmsilçilərlə birlikdə musiqi, mədəniyyətin digər sahələri, idman üzrə bir sıra tədbirlər keçiririk. Bu, dinamika üzrə davam edir. Təşkilatlanmaya gəldikdə isə, qardaş Türkiyə diasporu ilə birgə təşkilatlanmamız sürətlənir. Xüsusilə son zamanlar yaradılan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası buna böyük təkan verir. Qeyd edim ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin bu məsələdə bizə dəstəyi danılmazdır.

– Yaşadığınız ölkənin ictimai-siyasi həyatında azərbaycanlılardan hansı yeniliklər gözləyə bilərik? Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin Finlandiyada tanıdılması istiqamətində yeniliklər varmı?

– Bildiyiniz kimi, Skandinaviya ölkəsi olan İsveçdə yerli qanunverici orqanlara son seçkilərdə azərbaycanlılar da qələbə qazandı. Bu, ənənə halını almağa başlayır. Belə ki, Finlandiyadada, əsasən də, fəal gənclərdən ibarət sosial bazamız formalaşmağa başlayır ki, gələcəkdə burada da istər qanunverici orqanlarda, istər digər rəsmi sahələrdə gücümüzü sınayaq. Azərbaycan həqiqətləri burada daim bizim üçün prioritetdir. Bu ilin yanvar ayında Finlandiyada növbəti erməni təxribatinin qarşısını ala bildik. Belə ki, müxtəlif ölkələrdə təşkil edilən Beynəlxalq Turizm Sərgisi Finlandiyada təşkil olunan zaman Helsinkidə Matkamessuda keçirilən turizm sərgisinə qatılan erməni şirkəti Azərbaycan ərazisi olan Dağlıq Qarabağı qondarma “Artsax” kimi təqdim etmək istəyirdi. Mən və Azərbaycan-Turk Gənclər Təşkilatının üzvü L.Hüseynova bunu aradan qaldırdıq, Qarabağın Azərbaycan ərazisi olduğunu, “Artsax” adı altında Qarabağa turist cəlb edilməsinin təxribat xarakter daşıdığını onların nəzərinə çatdırdiq. Yerli rəsmilər dərhal bununla bağlı tədbir gördü. Fevralda isə Helsinki şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirdik. Tədbirdə Finlandiyada yaşayan azərbaycanlılarla yanaşı, yerli ictimaiyyət, Azərbaycan səfirliyi, Finlandiyadakı diplomatik korpusun nümayəndələri və digər qonaqlar fəal iştirak etdi. Yaxın gələcəkdə isə digər türkdilli xalqların diasporu ilə birgə Xocalı soyqırımının hüquqi tanınması, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı Finlandiya parlamentində məsələ qaldırılmasını nəzərdə tuturuq.

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova

– Bir ilə yaxındır Avropanın bir neçə ölkəsində, o cümlədən Skandinaviya ölkələrində azərbaycanlıların koordinasiya şuraları fəaliyyətə başlayıb. Bu yeniliyin diaspora nə kimi təsirləri olub?

– Bildiyiniz kimi, mən Koordinasiya Şurasının əlaqələndiricisi seçilmədən öncə, Finlandiyada Azərbaycan-Turk Gənclər Təşkilatının sədri kimi   fəaliyyət göstərmişəm. Bu təşkilat 2012-ci ildə Finlandiyanın Espoo şəhərində yaradılıb. Təşkil etdiyimiz tədbirlərin başlıca məqsədi Azərbaycan-Türk milli adət-ənənələrini, tarixini, musiqisini, mədəni irsini Azərbaycan-Türk gənclərinin yaddaşına yazmaq, onlarda milli ruhun, milli məfkürənin formalaşmasına nail olmaqla yanaşı, yerli ictimaiyyəti vətənimizin tarixi və mədəniyəti ilə yaxından tanış etmək, xüsusilə Qarabagın işğalını Xocalı Soyqırımını təbliğ etməklə erməni yalanlarını ifşa etmək idi. Keçən ilin oktyabrında İsveç paytaxtı Stokholmda Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası təsis olundu və mən Finlandiya üzrə əlaqələndirici seçildim. Qeyd olunan vəzifəyə seçildiyim gündən sonra Finlandiyada yaşayan güneyli – quzeyli azərbaycanlıların təşkilatlanması, onların diaspor və lobbiçilik fəaliyyətlərinə daha aktiv şəkildə cəlb edilməsi istiqamətində ciddi fəaliyyətə başladıq. Ümumiyyətlə, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin son bir ildə Avropada atdığı addımlar burada yaşayan biz azərbaycanlılar üçün yeni nəfəs və həvəs verib. Bu, Skandinaviya ölkələrində qabarıq şəkildə özünü göstərir. Yuxarıda sadaladığım layihələrin gerçəkləşməsi də məhz bu amildən stimul alır. Azərbaycan dövlətinin, xüsusilə dövlət başçısı cənab İlham Əliyevin dünyadakı bütün azərbaycanlıların Prezidenti kimi apardığı fəaliyyət bizim üçün çox böyük dəstəkdir. Biz azərbaycanlılar daim bunu üzərimizdə hiss edir, etimadı doğrultmağa çalışırıq. Yeri gəlmişkən, cənab Prezidentimizin son seçkilərdə qazandığı qələbənin bir illiyi münasibəti ilə onu təbrik edir, daim ətrafında sıx olacağımızı bildiririk. Çünki vətənimiz Azərbaycanın belə qüdrətli inkişafı xaricdəki azərbaycanlılar üçün böyük güc mənbəyi deməkdir.