Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası yeni qayda ilə hesablanacaq.

Trend-in məlumatına görə, bununla bağlı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur.

Dəyişikliyə əsasən, qanunun 1.0.5-ci maddəsinə “buraxıldığı günə” sözlərindən sonra “(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)” sözləri əlavə edilir.

Mövcud qanunvericiliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır. Qeyd olunan şəxslər xidmətdən tərxis olunmazdan əvvəl sərəncama götürülür, daha sonra isə xidmətdən tərxis olunurlar.

Belə olan halda onların pensiya hesablanan pul təminatının məbləği aşağı olur. Belə ki, bu hallarda birbaşa xidmətlə əlaqədar bəzi əlavələr (məxfi sənədlərlə iş, peşəkarlığa, mühüm tapşırıqlara, xidmətdə fərqlənməyə görə əlavələr) və sonrakı artımlar pensiyada nəzərə alınmır.

Qanuna dəyişiklik kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədilə təqdim edilir.