UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə vəsiqə qazananilk 2 komandanın adı müəyyənləşib.

“Report”un məlumatına görə, bunlar İspaniya “Barselona”sı ilə Hollandiya “Ayaks”ıdır. Onlar 1/4 final mərhələsində müvafiq olaraq, İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Yuventus” klublarını mübarizədən kənarlaşdırıblar.

Hər iki cavab görüşündə qapılara 3 qol vurulub. “Barselona” İngiltərədəki ilk görüşdə 1:0 hesabı yendiyi “Mançester Yunayted”i “Nou Kamp”da darmadağın edib. İlk iki qolu 16-cı və 20-ci dəqiqələrdə Lionel Messi vurub. Son nöqtəni isə 61-ci dəqiqədə Filippe Koutinyo qoyub. 12-ci dəqiqədə isə almaniyalı baş hakim Feliks Brıx meydan sahiblərinin lehinə penalti təyin etsə də, VAR sisteminə müraciətdən sonra qərarını ləğv edib.

Gecənin sensasiyası isə İtaliyada qeydə alınıb. “Yuventus” Hollandiyada 1:1 hesablı heç-heçə etdiyi “Ayaks”a öz meydanında məğlub olub – 1:2. Hərçənd, hesabı 28-ci dəqiqədə Kriştianu Ronaldu açıb. Həmin epizodda qonaqlar qayda pozuntusunun olduğunu iddia etsələr də, VAR sisteminə müraciətdən sonra fransalı referi Kleman Türpen qərarını qüvvədə saxlayıb. Bundan cəmi 6 dəqiqə sonra Donni van de Beek bərabərlik qolunu vurub. Bu qol da VAR-a baxıldıqdan sonra rəsmiləşib. 67-ci dəqiqədə isə amsterdamlıların kapitanı Matteys De Liqt qələbə topuna imza atıb. Bununla da “Ayaks” tarixində ilk dəfə “Yuventus”a qalib gəlib.

1/4 final mərhələsinin daha 2 cavab görüşü bu gün keçiriləcək. İngiltərədə “Mançester Siti” “Tottenhem”i, Portuqaliyada isə “Portu” İngiltərə “Liverpul”unu qəbul edəcək. İlk görüşlərdə “Tottenhem” 1:0, “Liverpul” isə 2:0 hesabı ilə qalib gəlib. Bu cütlərin qalibləri müvafiq olaraq, “Ayaks” və “Barselona”ya rəqib olacaqlar.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

23:00 “Barselona” (İspaniya) – “Mançester Yunayed” (İngiltərə) – 3:0

Qollar: Lionel Messi, 16; 20. Filippe Koutinyo, 61

Baş hakim: Feliks Brix (Almaniya)

Barselona, “Nou Kamp” stadionu

İlk oyun – 1:0

23:00 – “Yuventus” (İtaliya) – “Ayaks” (Hollandiya) – 1:2

Qollar: Kriştianu Ronaldu, 28 – Donni van de Beek, 34. Matteys De Liqt, 67

Baş hakim: Klemen Turpin (Fransa)

Turin. “Juventus Stadium”

İlk oyun – 1:1.