Foto © Polizei NRW Bonn
Foto © Polizei NRW Bonn


Fərhad Çağtürk / AzEuroNews.com ➤  Almaniya Avstriya ilə sərhəd nəzarəti müddətini artırıb. Bu barədə  AzEuroNews.com -a Almaniya fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, son dörd ay ərzində Avstriya ilə sərhəddə 950 nəfər qeyri-qanuni miqrant saxlanılıb.

Aralıq dənizi və Balkan marşrutları boyunca qanunsuz miqrasiya təhlükəsi hələ də qalmaqdadır.

Buna görə də, Almaniya Avstriya ilə sərhədlərdə nəzarəti növbəti yarım il müddətinə artırmağa qərar verib. Aprel ayının 12-də bu barədə məlumatı Almaniyanın Daxili İşlər Nazirliyinin nümayəndəsi verib. Onun sözlərinə görə, müqavilə bir ay ərzində qüvvəyə minəcək və 2019-cu il noyabrın 11-dək etibarlı olacaq. Rəsmi Berlinin bu qərarı Avropa Komissiyasına, eləcə də Avropa İttifaqı ölkələrinə göndərilib.

Avstriyadakı sərhəddə nəzarət 2015-ci ildən Şengen Sərhəd Məcəlləsinə uyğun olaraq tətbiq edilib. Polisin məlumatına görə, 2018-ci ilin noyabr ayından 2019-cu ilin fevralına kimi Avstriya-Almaniya sərhədində təxminən 950 qanunsuz miqrant saxlanılıb.

Bundan əlavə Daxili İşlər Nazirliyinin nümayəndəsi deyib ki, son zamanlar Aralıq dənizi və Balkan marşrutları boyunca qanunsuz miqrasiyanın potensial təhlükəsi artıb. Ona görə də yaxın gələcəkdə Almaniyaya təkrar qanunsuz miqrasiyanın azalacağına güvənmək olmaz.