Simvol foto © Rudy and Peter Skitterians / pixabay.com
Simvol foto © Rudy and Peter Skitterians / pixabay.com


Fərhad Çağtürk / AzEuroNews.com ➤  Almaniya deportasiya qaydalarını sərtləşdirir. Almaniya hökuməti tərəfindən deportasiyanın sərtləşdirilməsi cəhdləri ilə bağlı aparılan tədbirlər nəticə verir. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, 
qaçqın statusu haqqında müraciəti rədd edilmiş sığınacaq axtaranların Almaniyadan çıxarılmasını asanlaşdırmaq üçün nəzərdə tutulmuş bəzi qanunlar artıq qəbul edilib.

Eyni zamanda bundan sonra şəxsiyyəti müəyyən edilməyən qaçqınlar Almaniyada hər hansı formada hüquqi status əldə edə bilməyəcəklər.

Horst Seehofer / Foto © CSU
Horst Seehofer / Foto © CSU

Alman hökuməti aprelin 17-də deportasiya edilməli olan əcnəbilərin ölkədən çıxarılmasını asanlaşdırmaq üçün nəzərdə tutulan qanunlar paketini qəbul edib. Daxili İşlər naziri Horst Seehoferin rəhbərliyi altında hazırlanan olduqca qarışıq və fərqli reaksiyalara səbəb olan “Deportasiya haqqında qanun“ (Geordnete-Rückkehr-Gesetz) deportasiyanın həyata keçirilməsi zamanı yaranması mümkün olan bir sıra maneələrin ləğv olunması və ölkədən çıxarılması haqqında qərar verilmiş şəxslərin müvəqqəti saxlanmasına imkan verəcək.

Qanun ölkədən çıxarılması nəzərdə tutulan şəxslərin müvəqqəti saxlanma mərkəzlərində yer olmadığı halda adi həbsxanalarında yerləşdirməsi imkanını verir. Bu vəziyyət müxalifətdə olan siyasətçilər və qaçqınlara kömək edən təşkilatlar arasında güclü narazılığa səbəb olub.
Özü haqqında həqiqi məlumatları gizlədən qaçqınlar üçün Almaniyada daimi yaşamaq hüququ almaq imkanı da bundan sonra olmayacaq. Bu vaxta kimi şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslərə də Almaniyada 8 il yaşadıqdan sonra bəzi hallarda şərait yaradılırdı.

Hazırda Almaniyada təxminən 240 min əcnəbinin ölkəni tərk etməsi haqqında qərar qəbul edilib. Onlardan 184 minə yaxınının müxtəlif səbəblərdən, o cümlədən, tibbi və humanitar olanlardan deportasiya müddəti uzadılıb.

Bununla belə bu cür əcnəbilərin əksəriyyəti zəruri sənədlərin olmaması səbəbindən deportasiya edilə bilmir.