Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com


Fərhad Çağtürk / AzEuroNews.com  ➤  Almaniyada yaşayan əcnəbilərin sayı bilinib. AzEuroNews.com xəbər verir ki, 2018-ci ilə aid rəsmi rəqəmlərə görə hazırda Avropanın bu ölkəsində 10,9 milyon əcnəbi yaşayır. 

Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən  AzEuroNews.com-a verilən məlumata görə, bu rəqəm son bir il ərzində 2,7 % artıb. Belə ki, Almaniyanın hər səkkizinci sakini bu ölkənin vətəndaşı deyil. 2018-ci ildə ölkədə Alman vətəndaşlığı olmayan – xarici pasportla 10,9 milyon şəxs yaşayırdı. Bu barədə Visbaden Federal Statistika İdarəsi məlumat verib. Məlumatda qeyd olunur ki, il ərzində əcnəbilərin ümumi sayı 2,7 % (292 min nəfər) artıb. Almaniyada yaşayan 11 milyona yaxın əcnəbinin 254 min  nəfərinin Rusiya, 141 min nəfərinin Belarus vətəndaşlığı var. 2017-ci ildə Almaniyada yaşayan əcnəbilərin sayı 5,7 % artıb. Eyni zamanda statistika xəbərdarlıq edir ki, bu rəqəmlər illəri real əks etdirməyə bilər. Çünki, 2015-2016-cı illərdə ölkəyə gələn qaçqınların əksəriyyəti yalnız 2017-ci ildə yeni gələn əcnəbilər kimi qeydə alınıblar.

Staristika İdarəsinin məlumatına görə, 2018-ci ildə 1,3 milyon nəfər Almaniyaya, 1 milyon nəfər isə Almaniyadan köç edib. Statistika İdarəsinin məlumatında ölkədə yaşayan əcnəbilərin neçə faizini qaçqınlar təşkil etməsi haqqında məlumat yoxdur.

2018-ci ildə Avropa İttifaqına aid olmayan ölkələrdən gələn və Almaniyada iş icazəsi alan immiqrantların sayı yenə də artmaqda davam edib. Bu rəqəm 2018-ci ildə 266 min nəfər olub ki , bu da qaçqın kimi müraciət edənlərin sayından çoxdur. Bir il əvvəl  217 min nəfər əcnəbi əməkçi miqrant kimi Almaniyaya gəlib.

Almaniyaya gələn əməkçi miqrantların 12 %-i Hindistandan, 9 %-i Çindən, 8 %-i Bosniya və Herseqovina, 7 %-i Amerika Birləşmiş Ştatlarından olub. Onların orta yaş həddi 35-dir. Əməkçi miqrantların 68 %-ni kişilər təşkil edir.

Almaniyaya Balkan ölkələrindən gələn əmək miqrantlarının sayı sürətlə artmaqda davam edir. Həmin ölkələrin əksəriyyətində Almaniyaya immiqrasiya etmək istəyənlər üçün müxtəlif layihələr çərçivəsində dövlət dəstəyi mövcuddur.
Göründüyü kimi, Almaniya əmək miqrasiyasına üstünlük verməkdə davam edir. 
30 sentyabr 2018-ci il tarixinə olan məlumata əsasən Almaniya əhalisinin ümumi sayı 82 milyon 979 min nəfərdir.