Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qala bilirlər. Onları  bu xəstəliklərdən qorumaq üçün erkən yaşlarda peyvənd olunurlar. Bəzi valideynlər peyvəndə yaxşı baxmasalar da, mütəxəssislər buna əks fikir söyləyirlər. Çünki peyvənd olunmayan uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. 


Peyvəndin hansı yaşda olunması və sağlamlıq üçün əhəmiyyəti barədə baş pediatr Nəsib Quliyev Modern.az-a danışıb.
 

“Dünyada peyvəndin başqa bir alternativi yoxdur.  Hazırda qızılca və başqa yoluxucu xəstəliklərin yayılmasının şahidi oluruq. Bunun başlıca səbəbi uşaqların vaxtında peyvənd edilməməsidir. Hazırda ölkəmizdə 11 yoluxucu xəstəliyə qarşı peyvənd olunur. Dövlət “Uşaqların icbari dispanserizasiyası” haqqında qanun qəbul edib. Qanunda da qeyd edilir ki, dünyaya gələn körpə valideynin övladı omaqla bərabər, ölkənin vətəndaşıdır və onun müəyyən hüquqları var. Yəni xəstəliklərdən qorunmaq uşağın başlıca haqlarından biridir. Əgər hər hansı bir səbəbdən valideyn uşağı peyvənd etdirməkdən imtina edirsə, yazılı izahat verməlidir ki, niyə uşağı peyvənddən yayındırır.  Peyvənddən əslində heç kim imtina etməməmlidir. Valideynlər istəkli bir şəkildə  bu prosesi həyata keçirməlidir ki, övladları 11 yoluxucu xəstəlikdən uzaq olsun. Dünya Səhiyyə Təşkilatı ilə razılaşdırılmış peyvənd təqvimi var. Uşaq doğulduğu zamandan peyvəndə cəlb olunur. 3 yoluxucu xəstəliyə – B hepatiti, vərəm, poliomielit-ə qarşı doğulduqdan 1 həftə sonra peyvənd olunur.  İki aylıq olduqda daha 5 xəstəliyə qarşı peyvənd olunur: B hepatiti, vərəm, poliomielit, hemofilis influenza, pnevmakok. Üç xəstəliyə qarşı peyvənd 1 yaşda aparılır. Bunlara da qızılca, məxmərək və parodit aiddir. Uşaq yaş yarımlıq olduqda və altı yaşadək təkrar revaksinasiya olur və bununla da peyvənd təqvimi tamamlanır”.