Fərhad Çağtürk / AzEuroNews.com ➤ Avropa Parlamenti Avropa Komissiyasının təklifi əsasında Şengen zonasına qısamüddətli səfərlərlə bağlı üçüncü ölkə vətəndaşlarına vizaların verilməsi qaydalarında dəyişikliklər edib. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat verilib. Məlumatda deyilir ki, dəyişikliyə əsasən vizalar daha uzun müddətə veriləcək. Vizanın verilməsi müddəti verildiyi gündən başlamaqla 3 aydan 6 ayadək müddətdə artırılacaq. Eyni zamanda qeyd edilir ki, vizaların elektron qaydada alınması da mümkün olacaq. 6 -18 yaşında olan uşaqlar üçün viza ödənişsiz olacaq. 
Bundan başqa, çoxgedişli vizaların da müddətində dəyişiklik edilməsi nəzərdə tutulub. Bundan sonra həmin vizalar 5 il müddətinə veriləcək. Bu isə ərizəçiyə pul və vaxta qənaət etmək baxımından sərfəlidir. Bu eyni zamanda viza üçün müraciət edənlərin sayının və səfirliklərin iş yükünün azalmasına səbəb olacaq. 
Eyni zamanda Avropa parlamenti Şengen ölkələrinə qısamüddətli səfər etmək üçün vizanın qiymətinin cari ildən 60-dan 80 avroyadək artırılacagına qərar verib. Avropa Parlamenti təmsilçiləri hesab edirlər ki, yeni viza siyasəti Avropada turizmin inkişafına səbəb olacaq ki, bu da Avropa İttifaqında (Aİ) ümumi gəlirlərin 10 %-ni təşkil edir.

Avropa Komissiyasının statistik hesablamalarına görə, 2017-ci ildə 14 milyon nəfərə Şengen vizası verilib. Məlumatda o da bildirilir ki, hazırda 105 ölkə vətəndaşı 26 Aİ ölkəsinə viza ilə səfər edirlər.