“Sentyabrın 8-i Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Təhlükəsizlik bölməsinin rəisi Nuralla Məmmədxanovla görüşdüm”.

AzEuroNews xəbər verir ki, bunu Azadlıq Radiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı görüşdən sonra verdiyi açıqlamada bildirib. A.Hacılının sözlərinə görə, N.Məmmədxanov bildirib ki, onlarda Müsavat Partiyasının şəhərin ayrı-ayrı yerlərində piketlər təşkil edərək polislə süni toqquşma yaradacağı haqqında məlumatlar daxil olub: «Mən də dedim ki, bu, ümumiyyətlə, Müsavat Partiyasının fəaliyyətinə xas deyil. Partiya olaraq qanunlara daim sayğı ilə yanaşmışıq. Bütün fəaliyyətimizdə də buna əməl etmişik, bundan sonra da əməl edəcəyik».

A.Hacılı deyib ki, polis məmuru belə halların aksiya keçirilməsi nəzərdə tutulan məkanda da ola biləcəyini dilə gətirib: «Biz də buna cavab olaraq bildirdik ki, aksiya təşkilatçıları da asayişin qorunmasında, hər hansı insidentin baş verməməsində maraqlıdır. Burada belə insidentlər olarsa, qarşısını birgə almaqda maraqlıyıq».

A.Hacılı vurğulayıb ki, N.Məmmədxanov aksiyaya icazə verilməyəcəyi ilə bağlı heç bir ifadə işlətməyib.

Müsavat Partiyası sentyabrın 18-də Konstitusiyaya dəyişikliklərə etiraz olaraq mitinq keçirməyi planlaşdırır.

Bundan əvvəl – sentyabrın 11-də isə Milli Şuranın eyni məqsədlə mitinq keçirəcəyi gözlənilir. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti, hələ ki, onların müraciətinə cavab verməyib.