Fərhad Çağtürk / AzEuroNews.com ➤  Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının ən çox verdikləri suallardan biri də nikaha daxil olmaq istəyənlərə konsulluqların yaratdıqları problemlər haqqındadır. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, müraciət edənlərin əksəriyyəti bildirir ki, konsulluqlar qanunda nəzərdə tutulmayan sənədləri onlardan tələb edir, müraciətlərə vaxtında baxmır, vaxtı bəzən 6 aya qədər uzadır, rüşvət tələb edirlər və s.

Müraciətləri nəzərə alaraq qanunda nəzərdə tutulan halları diqqətinizə çatdırmaq istəyirik. Xaricdə nikahın bağlanmasının qeydə alınması haqqında mövcud qanunvericiliyə görə xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı nikaha daxil olduqda, nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən həyata keçirilir. 
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin konsulluğu tərəfindən onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldıla bilər. 
Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin saytına baxan zaman müəyyən olundu ki, həqiqətən konsulluqlar vətəndaşlardan qanunda nəzərdə tutulmayan sənədləri tələb edir, onların vəziyyətini ağırlaşdırır və vəzifələrindən sui-istifadə edirlər.

Xarici işlər nazirliyinin saytında göstərilir ki, xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir: 
– nikaha daxil olan şəxslərin yazılı razılığı; ərizə
– nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 
– xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd; 
– subaylıq haqqında arayış; 
– dövlət rüsumunun ödənilməsi barədə qəbz 
– əvvəllər nikahda olmuş şəxslər: nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər).

Əslində Konsulluq idarəsinin yerləşdirdiyi bu məlumatda iki qanunda nəzərdə tutulmayan sənəd göstərilib ( xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd və subaylıq haqqında arayış). 
Əslində vətəndaşdan xaricı ölkədə hansı müddətə yaşamasını təsdiq edən sənəd tələb olunmalı deyil. Eyni zamanda Azərbaycan vətəndaşından subaylıq haqqında şəhadətnamə tələb oluna bilməz.

Azərbaycan vətəndaşının subay və ya evli olması haqqında məlumat bazasında məlumatlar var və konsulun həmin məlumatları dəqiqləşdirmək imkanı da mövcuddur. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.4.cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmadıqda, evlənmək arzusunda olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin vəziyyətini təsdiq edən sənədlərində onların ailə vəziyyəti barədə qeydin olmamasına əsaslanaraq, onlardan vətəndaşı olduqları və ya daimi yaşadıqları ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş ailə vəziyyəti haqqında arayış tələb edilir. Arayış müəyyən olunmuş qaydada leqallaşdırılmalıdır. 

Göründüyü kimi bu sənəd Azərbaycan vətəndaşları ilə nikaha daxil olmaq istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulub. Azərbaycan vətəndaşından tələb olunması tam qanunsuzdur.

  Müraciət edilməsi qaydası

Xaricdə nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Konsulluğun vəzifəli şəxsi nikahın bağlanması haqqında ərizəyə dərkənar yazmaqla ona icazə verir. Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə konsulluğa gəlmək imkanı yoxdursa, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir. Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi konsulluq tərəfindən təsdiq edilməlidir.

  Müraciətə baxılma müddəti

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır. Müstəsna hallarda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər: Hətta bəzi xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və ya digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.

  Nikahın qeydə alınmasından imtina edilməsi

Konsulluqlar nikahın bağlanmasının qeydə alınmasından imtina edə bilər və bu barədə ərizə ilə müraciət etmiş şəxsə (şəxslərə) yazılı formada bildirilməlidir. Konsulluq nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

  Nikahın qeydə alınması üçün və əlaqədar əməliyyatlar üçün Dövlət rüsumu

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunub: 
1) nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə – 30 ABŞ dolları