Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış gününə start verilir.

Trend-in məlumatına görə, bu günün proqramında Bakı Şəhər Halqasında Formula 2 bolidlərinin sərbəst yürüşü, həmçinin F2 pilotlarının sıralama yarışı var.

Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin birinci və ikinci sərbəst yürüşləri keçiriləcək.

Həmçinin “Red Bull Racing”, “Scuderia Ferrari” və Renault” komandalarının pilotlarının avtoqraf sessiyası olacaq.

Azarkeş zonasının qapıları açılır10:00Bütün əyləncə zonası
F2™ sərbəst yürüş11:00Trekdə11:45
Avtoqraf sessiyası – Red Bull Racing11:10F1® azarkeş zonası11:30
Avtoqraf sessiyası – Scuderia Ferrari11:30F1® azarkeş zonası11:50
Avtoqraf sessiyası – Renault11:30F1® azarkeş zonası11:50
F1® birinci sərbəst yürüş13:00Trekdə14:30
F2™ sıralama yarışı15:00Trekdə15:30
F1® ikinci sərbəst yürüş17:00Trekdə18:30
Trekin qapıları açılır20:00Trekdə
Azarkeş zonasının qapıları bağlanır22:00Bütün əyləncə zonası

Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.

Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.