Emin Milli 3 ay ərzində işini yekunlaşdıracaq

Meydan TV-nin rəhbəri Emin Milli vəzifəsindən istefa verib. O, üç ay müddətinə təhvil-təslim işlərini yekunlaşdırıb postundan gedəcək.

Emin Milli bir adamın uzun illər eyni vəzifədə qalmasını doğru saymır və bu səbəbdən də vəzifəsindən gedir:

Hesab edir ki, 5 ildən çox eyni vəzifədə qalmaq məsləhət deyil. Bu liderlər öz yerlərini daha gənc, daha bilikli, daha çevik kadrlara verib getmək üçün özlərində cəsarət tapmalıdılar: “Hər bir liderin ən böyük uğuru vaxtında vəzifəsindən getməkdir və arxasında elə bir komanda qoymağdır ki, o komandanın artıq sənə ehtiyacı olmasın və onlar sənsiz də işləri davam etdirə bilsinlər və daha da uğurlu olsunlar. Düzdür, risklər var, amma sən getməsən, buna cəhd etməsən, inkişafa və proqresə də imkan verməyəcəksən və nə qədər uğurlu olduğunu heç vaxt bilməyəcəksən”.

Emin Milli daha sonra yazıb ki, Meydan TV Azərbaycanda ən uğurlu layihələrdən biridir. Meydan TV-nin bir-iki milyon izləyicisi var, ən etibarlı məlumat mənbəyidir, insanların gündəlik problemlərinin həlli üçün də Meydan TV bir ümid yerinə çevrilib:

“Bu, həbsdə olan Əfqan Muxtarlının uğurudur, işgəncələrə məruz qalan Şirinin və bir çox başqa qəhramanlarımızın uğurudur. Adlarını çəkə bilməsəm də, bu, bütün bizimlə işləyən qəhramanlarımızın uğurudur. Bu, həm də bizi bu illər ərzində dəstəkləyən hər kəsin uğurudur. Bunu bəlkə anlamasalar da belə, bu, Meydan TV-yə qarşı vuruşanların da bir uğurudur”.

Emin Milli Meydan TV-nin maliyyə problemləri olmadığını bildirib:

“Ötən 6 ildə Meydan TV-də heç bir korrupsiya ya yeyinti halları olmadığı üçün, bizim beynalxalq donorlar arasında ən təmiz imicimiz olduğu üçün, uğurlu layihə olduğumuz üçün, bizim elə bir problemimiz də yoxdur. Çox istəyirik ki, saytımıza daxil olub daha çox ianələr verəsiz ki, daha çox işlər görə bilək, xalqın səsi daha da ucadan gəlsin, amma bu genişlənmək və güclənmək üçün lazımdır. Heç kim bu məqamları səhv salmasın. Bu illər ərzində bizi və məni dəstəkləyən hər kəsə bir daha səmimi olaraq təşəkkür edirəm! Bizi bir çox çıxılmaz vəziyyətlərdən çıxarda bildiz, biz də Sizin hesabına mümkünsüzü mümkün etdik, bağlı bir ölkədə azad media qura bildik”.

O, bundan sonra hansı işlə məşğul olacağını da qeyd edib:

“Hələlik işsiz olacam, iş axtaracam və düşünəcəm ki, Azərbaycan üçün, xalqımız üçün, cəmiyyətimiz üçün necə faydalı ola bilərəm. Bu dünyada harda işə düzələcəyimdən və ya hansı yeni iş/layihə quracağımdan asılı olmayaraq, hər zaman olduğu kimi Azərbaycana, xalqıma, dövlətimə xidmət edəcəm. İdman, yoqa və meditasiya ilə də hərdən məşqul olacam”.

Meydan 2013-cü ildə Emin Milli tərəfindən təsis olunub. Baş ofis Berlində yerləşir.