Fərhad Çağtürk / AzEuroNews.com ➤  Almaniyada sığınacaq üçün müraciətləri rədd edilmiş bir çox şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadığı üçün onlara yaşamaq üçün müvəqqəti möhlət hüququ (Duldung) verilir.

Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, fevral ayının sonuna olan məlumata görə təxminən 240 min nəfər müraciəti rədd edilən şəxs Almaniyanı tərk edib.
Müraciəti rədd edilən sığınacaq axtaranlardan 184013 nəfərin ölkədən çıxarılması mümkün olmadığı üçün onlara möhlət hüququ verilib .

Almaniyada yaşayan 76 mindən çox əcnəbinin sənədləri olmadığı üçün onlara möhlət hüququ verilib. Əcnəbilərın Mərkəzi Reyestrində təxminən 74 min nəfər möhlət hüququ ilə yaşayan şəxslərin ölkədə qalma əsası kimi “digər səbəblər” qeyd edilib. 
Hesabatlara görə “digər səbəblər” dedikdə əsasən müvafiq sənədləri olmayan, müraciəti rədd edilən, lakin şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslər nəzərdə tutulur. Belə şəxslər əsasən Almaniyada qalmaq üçün özü və vətəndaşlığı haqqında yalan məlumat verən, vətəndaşlığını və şəxsiyyətini təsdiq eden sənədləri verməyənlərdir.
Möhlət hüququ ilə yaşayanlardan 11300 nəfərinə ailə birləşməsi səbəbi ilə icazə verilib. 12 min nəfər təhsil, qulluğa ehtiyacı olanlara xidmət kimi humanitar və şəxsi səbəblərə görə deportasiyası dayandırılanlardır.

451 halda isə geri göndərmək mümkün olmayıb. Çünki bu şəxslər haqqında cinayət işi istintaq olunur. 3681 nəfərə isə xəstəliklə bağlı möhlət hüququ verilib.

Əcnəbilərin Mərkəzi Reyesterində olan məlumata görə möhlət hüququ ilə yaşayanlardan 15 min nəfəri əfqan, 13500 nəfəri İraq və 11 min nəfəri serbiyalı kimi özlərini təqdim edənlərdir.