Fərhad Çağtürk / AzEuroNews.com  ➤ Almaniya türk toyları ilə bağlı qanun qəbul etməyə hazırlaşır. AzEuroNews.com xəbər verir ki, son bir neçə ayda toy kortejlərinin nəqliyyatın hərəkətinə çox mənfi təsir etdiyini deyən Şimali Reyn Vestfaliya (NRW) əyalətinin daxili işlər naziri Herbert Reul  belə bir qanun layihəsinin hazırlanması təşəbbüsü ilə çıxış edib.

“Toy kortejlərinin hərəkəti zamanı avtoxuliqanlıq edən şəxslərə qarşı çox ciddi tədbir görülməlidir. Təbii ki, qanun çərçivəsində. Ona görə də, bununla bağlı bizim yeni qanuna ehtiyacımız var. Artıq yeni bir qanun hazırlayırıq. Həmin şəxslərin sürücülük vəsiqələri əllərindən alınacaq. Eyni zamanda avtomobillərinə həbs qoyulacaq”  – deyə nazir H.Reul açıqlamasında bildirib. 

Təxminən bir milyondan çox türkün yaşadığını Şimali Reyn Vestfaliya əyalətində son aylar toy kortejlərinin səəb olduğu hadisələr yüzlərlədir. Hətta bəzi toy kortejlərinin hərəkəti zamanı odlu silahlardan atəş açılması faktları da var. 

Almaniyanın nüfuzlu “Rhenische Post”, “Kölner Stadt-Anzeiger”, “Expres” və “Bild” kimi qəzetləri toy kortejləri ilə bağlı tənqidi məqalələri manşetdən veriblər.