İspaniya “Barselona”sının kapitanı Lionel Messi yay transfer dövründə komandaya qoşulmasını istədiyi 3 futbolçunun adını açıqlayıb. 

“Report” “Don Balon” nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu 3 mövqeyin güclənməsini istəyib. Bunlar qapıçı, mərkəz müdafiəçisi və hücumçu amplualarıdır. Messinin fikrincə, Yasper Sillessenin mövsümün sonunda böyük ehtimalla komandanı tərk etməsindən sonra ən uyğun seçim Hollandiya “Ayaks”ının kamerunlu qolkiperi Andre Onanadır. 23 yaşlı qapıçı 2010 – 2015-ci illər ərzində “Barselona”nın aşağı yaşlılardan ibarət komandalarında çıxış edib və klubun sisteminə uyğundur. 

Mərkəz müdafiəsi üçün aparıcı oyunçunun uyğun gördüyü futbolçu isə “Ayaks”ın digər üzvü Mattias de Liqtdir. “Barselona” daha əvvəl “Ayaks”dan bu ilin fevralında Frenki de Yonqu transfer edib.

Hücumçu mövqeyinə isə namizədlər Almaniya “Ayntraxt”ından Luki Yoviç, Hollandiya PSV-sindən isə İrvinq Losanodur.