Foto © Twitter.com
Foto © Twitter.com


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  “Bəzi Avropa İttifaqı ölkələrinin (Avstriya, Fransa, Polşa, Almaniya, İtaliya və s.) parlamentlərində sağ partiyalar da təmsil olunmağa başlayıb. Artıq Avropa Parlamentinə seçkilərdə sağçı populistlərin nümayəndələri də iştirak edirlər. Müxtəlif ölkələrdən gələn sağçı namizədlər anti-immiqrant fikirləri təşviq etmək, miqrasiya siyasətilə bağlı fəaliyyətdə birləşmək üçün bir koalisiya yaratmaq istəyirlər. Buna görə də, onlar Avropa İttifaqı parlamentinə daxil olmaq və iddialarını oradan diktə etməyə çalışırlar”. Bunu Almaniyada fəaliyyət göstərən “Leqat“ inteqrasiya mərkəzindən AzEuroNews.com-a bildiriblər. 

Məlumata görə, Avropa Parlamentində sağçı populist partiyalar ittifaqı yaratma təklifi İtaliyanın daxili işlər naziri və Şimali Partiya Liqasının federal katibi Matteo Salvini tərəfindən irəli sürülüb.
Salvini aprel ayında sağçı parlamentarilərin birləşmək niyyətini açıqlayan zaman onlarla bu yola çıxdıqları üçün dostlara təşəkkürünü bildirmiş, yeni bir gələcək qurmağa və Avropanı xilas etməyə çalışdıqlarını ifadə etmişdi. O bildirmişdi ki, Avropa Birliyini uzun müddət idarə edən bürokratlar və bankirlər Avropa xəyalını dəfn etməklə məşğul olublar. 
Başda Marine Le Pen olmaqla Fransız sağçıları və Avstriya Azadlıq Partiyasının rəhbərliyi İtalyan həmkarlarını dəstəklədiklərini söyləyiblər. Mütəxəssislərin fikrincə, Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) üzvləri və Danimarka, Estoniya, Finlandiyadan olan sağçı populistlər də bu şağırışa qoşulacaqlar. 

Sağçıların birləşməkdə əsas məqsədləri 2015-ci ildən sonra azalmaqda olan qaçqınların sayını Avropa Birliyində minimuma endirməkdən ibarətdir.

Almaniya üçün Alternativ partiyasının həmsədri Jörg Moiten isə bildirib ki, onlar miqrasiya əleyhinə deyillər: “Biz miqrasiya əleyhinə deyilik, Avropa Birliyinə kimlərin gəlmək ixtiyarında olduğunu və nə qədər qaçqının qəbul oluna biləcəyini özümüz həll etməliyik”.

Bundan əlavə Avropanın sağçı populistlərini Avropada islamın genişlənməsi də narahat edir. Matteo Salvini islam ekstremizmini Avropa üçün “bir nömrəli təhdid” adlandırıb.
Hazırda sağçı populist qüvvələrin liderləri öz fikirlərini seçicilər arasında yaymaq üçün əla imkan tapıblar və bununla bağlı Avropa üzrə kampaniya aparmaq üçün səfərə çıxıblar.

Xatırladaq ki, Avropa Parlamentinə seçkilər 23-26 may tarixlərinə planlaşdırılıb.