Foto © Rita Ox / unsplash.com
Foto © Rita Ox / unsplash.com


Fərhad Çağtürk / AzEuroNews.com ➤  “Müraciətlərinə rədd cavabı verilən sığınacaq axtaran şəxslərin deportasiyası zamanı Almaniya “qeyri- adekvat və qeyri-münasib” qüvvədən istifadə etməməlidir”. Bu barədə AzEuroNews.com -a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, bu tələb İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsinin (bundan sonra «Komitə» ) (CAT) may ayının 9-da yayımlanan hesabatında əksini tapıb.

Komitə ekspertləri bidiriblər ki, miqrantlara ölkədən çıxarılacaqları haqqında əvvəlcədən məlumat verilmir. Onlar yalnız ölkədən çıxarıldıqları zaman bu prosesdən xəbər tuturlar. Qeyd edilib ki, bəzi hallarda isə deportasiya haqqında bildiriş şəxsin çıxarılmasından bir həftədən də az qalan vaxtda çatdırılır. Bəzən isə sığınacaq üçün müraciət etmiş və rədd cavabı almış şəxslərin deportasiyası zamanı güc tətbiqinə də yol verilir ki, Almaniya hökuməti bu hallara da diqqətlə yanaşmalıdır.

Komitənin üç təmsilçisi 2018-ci ilin avqust ayında Almaniyada Əfqanıstan vətəndaşlarının deportasiya prosesində iştirak ediblər. Onları əfqan qaçqınların bir qrupunun Münhendən (Bavariya) Əfqanıstan paytaxtına bir çarter reysi ilə aparılmasında iştirak ediblər. Təyyarədə təhlükəsizliyin təmin olunması üçün təxminən yüz polis əməkdaşı olub. Komitə üzvlərinin ifadəsinə görə, miqrantların əksəriyyəti qanunla hərəkət edib və qanun pozuntusuna yol verməyiblər. Deport olunanlardan biri laynerin salonunda oturduğu kresloya davamlı olaraq başı ilə zərbə endirməklə səs -küy salıb. Yaxında olan polis əməkdaşlarından biri ona yaxınlaşaraq ağzını tutmuş, onu müvəqqəti olaraq nəfəs almaq imkanından məhrum etmiş, cinsi orqanlarını sıxışdıraraq şiddətli ağrılara səbəb olan zorakılıq hərəkətlərinə yol vermişdir. İşgəncəyə Qarşı Mübarizə Komitəsi hesab edir ki, bu kimi yanaşmalar adekvat deyil və gələcəkdə belə halların təkrarlanmaması üçün hakimiyyət orqanlarının “dərhal hərəkətə keçməsi” vacibdir.

Bildiririk ki, aprel ayının ortalarında alman hökuməti xaricilərin ölkədən çıxarılmasını asanlaşdıracaq bir sıra qanunlar qəbul etdi. Ölkədən çıxarılacaq şəxslər üçün müvəqqəti saxlama yerlərinin azalması, belə yerlərin çatışmazlığı səbəbindən onların həbsxanalarda yerləşdirilməsı kimi hallara icazə verildi. 

Adlarını gizlədən və özləri haqqında saxta məlumatlar verən sığınacaq axtaran şəxslər haqqında yeni statusun müəyyənləşdirilməsi də müzakirə olunub. Belə şəxslərə “Almaniya Federativ Respublikasının ərazisində məskunlaşan və barəsində araşdırma aparılan şəxsiyyəti müəyyən edilməyən şəxslər” statusunun təqdim edilməsi təklif olunur. Bu vəziyyət, belə əcnəbilərin Almaniyada sənədləşdirilməsinə kömək etmək üçün nəzərdə tutulub.

Hazırda Almaniyada təxminən 240 min əcnəbiyə ölkəni tərk etmək əmri verilib. Onlardan təxminən 184 min nəfərin müxtəlif səbəblərdən, o cümlədən, tibbi və humanitar cəhətdən deportasiyası təxirə salınıb. Bununla belə bu cür əcnəbilərin əksəriyyəti zəruri sənədlərin olmaması səbəbindən deportasiya edilə bilməz.