Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto / © Fərahim İlqaroğlu / AzEuroNews.com

Bir daha xaricdə doğulan və doğulduğu ölkənin müvafiq orqanlarından və ya xaricdə akkreditə olunmuş konsulluqlarından Azərbaycan Respublikasının doğum haqqında şəhadətnaməsini almadan Azərbaycana qaytarılan, Azərbaycanda isə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə ala bilməyən uşaqların problemlərinə toxunmaq istəyirik.

Belə ki, bəzi halarda xarici ölkələrdə doğulan Azərbaycan Respublikası vətəndaşları valideynləri doğum haqqında şəhadətnamə almadan Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və konsulluqlarından doğum faktını təsdiq edən sənədi leqallaşdırmadan aldıqları qayıdış şəhadətnaməsi əsasında Azərbaycana qayıdırlar. Təbii ki, qayıdış şəhadətnaməsi həmin sənəd əsasında verilir. Qayıdış şəhadətnaməsini verən konsulluq əməkdaşı vətəndaşı lazımı qaydada məlumatlandırmır.

Azərbaycan Respublikasına qayıtdıqdan sonra valideynləri müvafiq orqanlara müraciət etsələr də həmin uşaqlara doğum haqqında şəhadətnamə və şəxsiyyəti təsdiq edən digər sənədlər ala bilmirlər. Müvafiq dövlət orqanları həmin uşaqların valideynlərindən uşaqların şəxsiyyəti təsdiq edən müvafiq sənədlə təmin olunmaları üçün onların xaricdə (bu halda isə konkret Almaniya Federativ Respublikasında) doğulmasını təsdiq edən və səfirlik tərəfindən tərcümə və təsdiq edilmiş sənəd tələb edirlər.

Vətəndaşların ASAN Xidmət, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfirliyi, Konsulluq Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ünvanladıqları çoxsaylı müraciətlərinə verilən cavablarda da bu suala cavab tapılmır.

Həmin uşaqlar Azərbaycan Respublikasına konsulluq şöbələri tərəfindən verilən qayıdış şəhadətnamələri ilə qaytarılıblar. Qayıdış şəhadətnaməsi isə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müvəqqəti təsdiq edən rəsmi sənəddir.

Xarici İşlər Nazirliyi 29 dekabr 1999-cu ildə ‘Konsulluq leqallaşdırması haqqındaʼ təlimatı təsdiq edib. Həmin təlimatıın 17-ci bəndinə görə, xarici ölkələrin idarə və təşkilatlarına, hüquqi və fiziki şəxslərinə məxsus sənədlərin bu təlimata uyğun olaraq leqallaşdırılması mümkün olmadığı halda, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi, müstəsna hal kimi, onların Azərbaycan Respublikasının rəsmi orqanları tərəfindən baxılmaq üçün qəbul edilməsinə etiraz etməməsi barədə sənəd və akta xüsusi qeyd yazmaq hüququna malikdir.

Süni şəkildə yaradılan problemin həlli üçün Ədliyyə Nazirliyinə, Xarici İşlər Nazirliyinə, ASAN Xidmətə, Daxili İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə müraciətlər göndərdik. Bu gün də növbəti cavabı Ədliyyə Nazirliyindən almışıq. Cavab məktubu nazirliyin vətəndaşlıq vəziyyəti aktlarının reyester xidmətinin rəisi, baş əlliyyə müşaviri hörmətli Reyhanə xanım tərəfindən imzalanıb. Hər zaman hörmətlə yanaşdığım, Azərbaycanda olduğum zaman əcnəbilərdən doğulan uşaqların sənədləşdirilməsi üçün dəfələrlə qəbulunda olduğum və hər dəfə hörmətlə qarşılandığım Reyhanə xanım da təəssüf ki, istinad etməli olduğu normaya istinad etməyib.

Hesab edirik ki, bu halda Reyhanə xanım ‘Konsulluq leqallaşdırması haqqında‘ təlimatıın 17-ci bəndinə istinad etməklə sənədlərin leqallaşdırılmasını XİN-in Konsulluq İdarəsindən tələb etməli, Almaniyadan deportasiya olunmuş şəxslərə sənədləri təsdiq etdirmək üçün yenidən Almaniyaya qayıtmalarını tövsiyə etməli deyildi.

Almaniyada doğulan və qayıdış şəhadətnaməsi ilə Azərbaycana qaytarılan şəxslərin sənədləşdirilməsi ilə bağlı problem Bakıda həll olunmalıdır. İnsanlara başqa yol göstərməməyinizi rica edirik, “təcrübəli” məmurlar!

Əlövsət Əliyev, hüquqşünas Almaniya, Düsseldorf

Əlövsət Əliyev

Hüquqşünas