Foto © Armin Linnartz/ wikipedia.org
Foto © Armin Linnartz/ wikipedia.org


Fərhad Çağtürk / AzEuroNews.com ➤Gənclərlə görüşündə Angela Merkel bildirib ki, Almaniyanın davamlı müvəffəqiyyəti, ölkənin immiqrasiya və inteqrasiya proseslərini necə idarə edəcəyi ilə bağlıdır. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, immiqrasiya mənşəli gənclərin Almaniyanın əmək bazarına inteqrasiyasına yardım edən Alman İmmiqrasiya Fondunun (Deutschlandstiftung Integration (DSI)) proqramı çərçivəsində keçirilən “Öz yolunuzla gedin” (Geh Deinen Weg) layihəsini (link əlavədədir) icra edən gənclər Kansleri görüşə dəvət ediblər.

Merkel bildirib ki, Almaniyada 19 milyon insan – ümumi əhalinin dörddə biri immiqrasiya mənşəli hesab olunur. Son dövrdə Suriya və İraq kimi ölkə vətəndaşlarının Almaniyaya axınına toxunan Kansler, bu sahədə çətinliklər olmasına və olacağına baxmayaraq baş verənlərin təbii dəyişikliklər olduğunu bildirib.

Alman İmmiqrasiya Fondu (DSİ) Almaniyanın əmək bazarına immiqrantların inteqrasiyasına yönələn bir sıra layihələrə başlayıb. Layihədə iştirak etmək üçün hər il 18-dən 29 yaşa qədər olan 150 əcnəbi seçilir. 
Onların hər birinə uğurla inteqrasiya etmək və iş tapmaq üçün fərdi şəkildə işləyən bir mentor təyin edilir.