AzEuroNews.com ➤ “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və Saloniki Şəhər Bələdiyyəsinin dəstəyi ilə “Multilinqual Dil Festivalı” layihəsi çərçivəsində bu şəhərdə “Azərbaycan günləri” adlı silsilə tədbirlər keçirilib. AzEuroNews.com xəbər verir ki, silsilə tədbirlər Bakının tarixini və mədəni dəyərlərini əks etdirən “Bakı – Xəzərin mirvarisi” adlı fotosərginin açılışı ilə başlayıb. Fotosərgidə müasir Bakının gözəl mənzərələrini əks etdirən fotoşəkillər nümayiş olunub.
Saloniki şəhərinin baş bələdiyyə sədri Yannis Butaris və digər dövlət rəsmiləri sərgi çərçivəsində təşkil olunan Azərbaycan stendini ziyarət ediblər.


“Azərbaycan günləri” çərçivəsində dahi Azərbaycan mütəfəkkiri İmaməddin Nəsimiyə həsr olunmuş təqdimat keçirilib. Təqdimatda şairin həyat və yaradıcılığı barədə məlumat verilib, “Nəsimi” filmindən fraqmentlər nümayiş etdirilib.
Tədbirlər çərçivəsində ölkəmizin turizm imkanlarını əks etdirən videoçarx, milli musiqimizə, xüsusilə muğamımıza həsr olunmuş xüsusi proqram hazırlanıb.


“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov 28 May – Respublika Gününə həsr olunmuş tədbirdə çıxış edərək deyib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışının və dirçəlişinin məntiqi nəticəsi idi.
Sonda iştirakçılara Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim olunub.