Fərhad Çağtürk / AzEuroNews.com ➤  Laçının işğal günü xalq artisti Eyyub Yaqubovun İsveçdə konsert verməsi iddiaları ətrafında qalmaqal böyüyür. AzEuroNews.com xəbər verir ki, müğənninin Laçının işğal günü səhnəyə çıxması həm Azərbaycanda, həm də Avropada yaşayan həmvətənlərimiz tərəfindən ciddi etirazla qarşılanıb.

Bu barədə AzEuroNews.com -a danışan Qarabağın azadlığı uğrunda Gənclər Birliyinin sədri Nurlan Əmrahov deyib ki, konsert proqramı İsveçin Malmö şəhərində keçirilib: “Bizim göz-bəbəyimiz olan Laçının erməni terrorçuları tərəfindən işğal edilməsinin ildönümündə belə çal-çağır təşkil etmək və ora azərbaycanlıları dəvət etmək birmənalı qarşılana bilməzdi. Biz  konsert proqramından həftələr öncə buna öz etirazımızı bildirdik. Təşkilatçılara mətbuat vasitəsi ilə çatdırdıq ki, xalqımız üçün belə bir ağır gündə konsert təşkil etmək olmaz. Düşünürdük ki, yəqin təşkilatçılar bizim haqlı iradlarımızı nəzərə alıb konsertin keçirilmə tarixini dəyişəcəklər, etmədilər. E.Yaqubovun mahnı səsləndirdiyi tədbirin təşkilatçısı Vahid Azərbaycan Dərnəyi olub. Dərnəyin rəhbəri Ayə Coşqundur. O, “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, Laçının işğal günü mayın 17-dir. Belə başa düşdüm ki, A.Coşqun bizim qan yaddaşımız olan torpaqlarımızın erməni terrorçuları tərəfindən işal olunması tarixlərini bilmir. Biz bir daha hər bir kəsdən bu mövzuya həssas yanaşmalarını və bu konsert proqramına, onun təşkilatçılarına etiraz etmələrini xahiş edirik. İndi biz belə şeylərin qarşısını almasaq, sonra digər işğal günlərində də çal-çağırlar təşkil olunacaq və ümumilli matəm günlərimiz insanların beynində adi bir günə dönəcək. Buna əsla yol vermək olmaz”.

Kənan Hacıəkbəroğlu
Kənan Hacıəkbəroğlu

İsveçdə yaşayan Kənan Hacıəkbəroğlu AzEuroNews.com-a açıqlamasında bildirib ki, həm konsertin təşkilatçıları, həm də müğənni Eyub Yaqubov xalqdan üzr istəmək əvəzinə özlərini müdafiə xarakterli açıqlamalar verirlər: “Konsertdən əvvəl sosial şəbəkələrdə konsert günü ilə bağlı etirazlar var idi. Həm Azərbaycandakı soydaşlarımız həm də, İsveçdəkilər konsertin tarixinin dəyişdirilməsini tələb edirdilər. Gördüyünüz kimi bunu etmədilər və konsert proqramı baş tutdu. Təəsüf ki, bizim bir çox məşhur müğənnimiz E.Yaqubov kimi torpaqlarımızın işağal tarxilərini bilmirlər. Nə də öyrənmək istəmirlər. Yaxşı olardı ki, Azərbaycandan gələn hər bir müğənniyə ən azından Mədəniyyət və Turizm Nazirliyi və ya Diaspora Komitəsi səviyyəsində bir nəzarət olsun. Nəzərə almaq lazımdır ki, ermənilər Avropada bizləri hər zaman izləyirlər. Erməni mediası bu kimi hadisələrdən bizim əleyhimizə məharətlə istifadə edir. Bir neçə nəfərin cibi dolacaq deyə belə konsertlər təşkil edib ölkəmizin adını biabır etmək olmaz”.