Yay fəsli yaxınlaşanda dondurma satışı da artır. Satışda dondurma növlərinin müxtəlif çeşidi olsa da, keyfiyyət etibarilə hansının daha  yaxşı olduğunu demək çətindir.  Belə ki, antisanitar qaydada hazırlanan, istehsal müddəti bitmiş dondurmalar az deyil. Təbii olaraq bu cür dondurmalar insanlarda narazılıq yaradır. 
Məsələ ilə bağlı Modern.az Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov-un fikirlərini öyrənib.

“Dondurmalarla bağlı hər gün şikayət dolu telefon zəngləri qəbul edirik. Şikayətlər əsasən onun qiyməti, dadı və istehsal tarixi barədə olur.  Qeyd edək ki, dondurma süd məhsuludur və ağızda qaymaq dadı verməlidir.  Əgər dondurma boğazda acılıq hissi yaradırsa, bu  onun tərkibində kərə yağı əvəzinə bitki yağından, marqarindən  istifadənin göstəricisidir. Qablaşdırılmış dondurma alarkən onun formasına diqqət yetirmək lazımdır. Əgər  qablaşdırmada formasını itiribsə, əzilibsə,  demək ki, istiliyə məruz qalıb. Bu halda onu yemək təhlükəlidir. Açıq şəkildə yəni qablaşdırılmadan satışı həyata keçirilən dondurmalara isə  xüsusi diqqət yetirmək lazımdır”.


Ekspert onu da bildirir ki,  alıcını hüququ var ki, keyfiyyətindən narazı qaldığı dondurmanı geri qaytarsın və ya dəyişdirsin.