Enerji içkiləri reklamlarda tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr olan, çəki itkisinə səbəb olan, dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi təqdim edilir. Bu içkilərin istehsalında istifadə olunan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər.

“Ölkə.Az” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşı Nuranə Həsənova deyib.

Mütəxəssis bildirib ki, enerji içkiləri alarkən mütləq onun tərkibi ilə tanış olmaq lazımdır.

Onun sözlərinə görə, enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir. Artıq dozada qəbul edildikdə təzyiqin qəfil yüksəlməsinə və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər.

Bu isə həm də əsəbilik və yuxusuzluğa gətirib çıxarır.

Enerji içkilərinin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.
N. Həsənova deyib ki, uşaqların, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların enerji içkiləri içməsi orqanizmdə ciddi problemlərə səbəb ola bilər.

Enerji içkilərinin istifadəsinə ilk dəfə 1929-cu ildə başlanılıb. 2000-ci illərin sonunda Avropada böyük satış bazarına sahib olan enerji içkiləri artıq dünyanın hər yerində istifadə edilir.