Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com


Fərhad Çağtürk / AzEuroNews.com ➤  2018-ci ildə Almaniya büdcəsindən qaçqınların inteqrasiyası və Avropaya köçün səbəblərinə qarşı mübarizə aparmağa hesablanmış layihələrə 23 milyard avro vəsait ayrılıb. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com -a verilən məlumatda deyilir ki,  bu rəqəm Federal Maliyyə Nazirliyi tərəfindən may ayının 22-də Nazirlər Kabinetinin toplantısında təqdim olunan hesabatdan götürülüb.

Nazirliyin məlumatına əsasən bu rəqəm keçən ilə nisbətən 11% artıb. Belə ki, 2017-ci ildə eyni məqsədlərə 20,8 milyard avro xərclənib.
Həmin məbləğın üçdə biri (7,9 milyard) xaricə köçürülüb. Bu vəsait 2015-ci ildə kütləvi köçün olduğu ölkələrdən gözlənilən miqrasiyanın qarşısını almaq üçün həmin ölkələrədə yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərə xərclənib.

Xərclərin bir hissəsi miqrantların ölkədən çıxarılmasının təşkili ilə bağlı layihələrə sərf edilib. Bildiyiniz kimi, 2018-ci ilin payızında Federal Hökumət vətəninə qayıtmağa razılıq verənlərə yalnız 500 avroya qədər səyahət sənədləri və birdəfəlik maliyyə yardımı təklif edirdi (bu proqram 2017-ci ildən bəri tətbiq olunur). Həmin proqrama görə həm də şəxsin qayıtdığı ölkədə yaşayacağı evin icarəsi, təmiri, mebel, mətbəx və vanna otağı üçün avadanlıqların alınması ilə bağlı köməklik edilirdi.

Hesabatda deyilir ki, 2018-ci ildə hökumət rəsmi olaraq sığınacaq verilməzdən əvvəl 16 federal əyalətə Suriya, İraq və Əfqanıstandan gələn miqrantları yerləşdirmək üçün 7,5 milyard avro ayırıb. Bu məbləğə yeni gələnlərə inteqrasiya kurslarının təşkili də daxildir. Həmin məbləğ 2017-ci illə müqayisədə 14% çoxdur.

Bundan başqa, Hartz IV-ə, işsizlik müavinətlərinə 4 milyard avrodan çox vəsait xərclənib.