Öldükdən sonra torpağa qarışıb dünyadan itəcəyimiz faktından qorxuruq.

Bu qədər rəngarəng təbiətdə tutub meymunla qohum olduğumuz fikri bəzilərinin ovqatını təlx edir. İnsan özünü ali varlıq olaraq düşünür.


Başlığı böyük yazsam da, əslində sadəcə başımdan keçən bir hadisəni anladacağam, siz isə nəticə çıxarın.

Bir az asan ünsiyyətə girmək kimi xasiyyətim var. Darıxanda, ürəyim istəyəndə dünyanın istənilən yerində istədiyim adamı ünsiyyətə cəlb etməyi sevirəm. Tamamilə yad bir yerdə bircə saatlıq buraxın və geri döndüyünüzdə ilk dəfə orada gördüyüm insanlarla yaxşı məclis qurmuş şəkildə taparsınız.

Vaşinqtonda oteldə gəzərkən onunla-bununla, havadan-sudan danışırsan. Amerikalılar da, deyəsən, ünsiyyətcil insanlardır. Bu həftə müharibə veteranları xatirə günü olduğu üçün otellər kontinental ştatlardan gəlmiş insanlarla doludur. Biri dünən məni çənəsi altına saldı.

Söhbət xoş-beş, ordan-burdan davam edərkən bu, öz kilsələri haqqında danışmağa başladı. Bir on dəqiqə sonra isə məni xristian etmək üçün dəridən-qabıqdan çıxaraq dalbadal cəhd göstərdi.

Onunla söhbət etmək bir az rahat idi mənim üçün. Müsəlman olmadığı üçün əsas mövzular ətrafında söyüşsüz danışmaq olurdu.

Nələr anladım?

Öldükdən sonra dünyadan itməyə qorxur. Ruh deyə bizim bədənimizdə yerləşmiş hansısa məfhumun öldükdən sonra dünyada gəzəcəyinə və sevdiklərimizə baxacağını düşünür. Uşaqlarımı görmək istəyirəm dedi. Mən də buna inanmadığımı söyləyəndə, necə də daş ürəkli adamsan mənasına gələn sözlər sərf etdi.

Bizim necə mükəmməl yaradıldığımızı söylədi. Hər ilk 3 hamiləlikdən birinin xətalardan ötrü sonlandığını söyləyəndə çaşdı. Genetik materialımızın 95 faizinin balıqlardan, hətta bakteriyalardan qalan mənasız yük olduğunu eşidəndə dondu.

Yaradanın insana elm verdiyini, ancaq Darvinin elmi korladığını, yalan faktlarla doldurduğunu, hardasa şeytan olduğunu bildirdi. İnsanın elə ilk başdan indiki kimi yaradıldığını söylədi. Mən də elə burada ilk olaraq paylaşdığım Lucy-nin skeletini göstərdim. Onun haqqında eşitdiyini, amma onun insan olmadığını bildiyini əlavə etdi. Haqlıdır, Lucy hələ insan deyil. Amma Lucy meymun da deyil. Meymunun insana keçiş formalarından biridir…Və nisbətən bütöv skeleti tapılmışdır…Və…..və Lucy-nin skeleti Nyu York təbiət tarixi muzeyində saxlanılır. İyirmi beş dollar verib ara formu özün görə bilərdin, amma keşişlərin kitablarını oxumağa üstünlük verdin deyə bildirdiyimdə mənimlə razılaşdı.

Axırda da mən səni xristian edə bilməyəcəm, amma sən məni dindən soyutdun dedi.

Riçard Doukinzin kitablarının linklərini alaraq sağollaşdıq.

Dr. Vasif İsmayıl