Londonun Docklands ərazisində yerləşən “Lincoln Plaza” bu ilin “Carbuncle Cup – Çiban Kuboku” mükafatına layiq görülüb. Bu o deməkdir ki, bu bina hazırda Britaniyada ən eybəcər tikili hesab olunur.

Münsiflər heyətinin fikrincə, bu bina “sarsıdıcı, narahatedici və qarmaqarışıq” bir tikilidir. “Lincoln Plaza”nı tikənlər isə belə düşünmür və onu yaşayış üçün mükəmməl bina hesab edir.

Mükafatı “Building Design” jurnalı təqdim edib. Ötən il bu mükafata “Walkie Talkie” (“Ratsiya telefonu”) ləqəbi verilmiş “City of London” göydələni layiq görülüb.

“Building Design” jurnalı bu mükafatı 2006-cı ildə “ciddi problemə – ölkənin şəhər və kəndlərini eybəcərləşdirən arxitekturaya diqqət cəlb etməyin yüngül yolu” olaraq təsis edib.

“Lincoln Plaza”nı tikib idarə edənlər isə bu mükafatdan narahat deyil. Evlərin qiyməti yarım milyon funt sterlinqdən başlayır və binada demək olar ki, bütün mənzillər satılıb.