AzEuroNews.com ➤ Kilsələrin müdafiəsi üçün dinini dəyişən müsəlmanlar müdafiəsiz qalacaqlar. Almaniya Miqrasiya və Qaçqınların işi üzrə Federal İdarənin (BAMF) 2019-cu ilin ilk dörd ayı ərzində sığınacaqla bağlı qəbul etdiyi qərarların əksəriyyəti neqativ olub. Qaçqınların hüquqlarını qoruyan QHT-lər və humanitar təşkilatlar isə bu “sərt tədbirləri” tənqid edirlər. Ezni yamanda kilsələrin müdafiə etdiyi şəxslərə münasibət sərtləşib. 

Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən daxil olan məlumatda deyilir ki, BAMF aprel ayında qorunmaq üçün alman kilsələrinə müraciət edən qaçqınlar haqqında göndərilən 147 müraciətdən yalnız ikisi haqqında müsbət qərar qəbul edib.  2018-ci ilin eyni dövründə isə müraciətlərin 12% -ə yaxını müsbət həll olunmuşdu. Bildiririk ki, Almaniyada qorunma şansı bitmək üzrə olan sığınacaq axtaranlar bəzən son ümid kimi kilsələrə müraciət edir, onun himayəsindən yararlanmağa çalışırlar.
Ümumilikdə, 2019-cu ilin ilk dörd ayında 250 nəfər sığınacaq ücün kilsələrə müraciət edib. Ötən ilin eyni dövründə isə bu rəqəm 1520 nəfər olub. 2015-ci ildən 2016-cı ilə qədər BAMF kilsələrin təqdim etdiyi işlərin təxminən 80% -i üzrə müsbət qərar qəbul edib.
Alman kilsələri çətin vəziyyətdə olan qaçqınlara qoruma təklif edir. Onlar daha sonra həmin şəxslər haqqında əsaslandırırlmış məktubla BAMF-a müraciət edirlər. Əsas məqsəd qaçqınların təhlükəli hesab olunan ölkələrə qaçılmaz deportasiyasının qarşısını almaqdır.
Kilsələrin müraciətlərinə bu yanaşmanı tənqid edən Sol Partiyanın parlamentdəki sözçüsü Ulla Dhelpke BAMF-ın bu siyasətini tənqid edib. 

O, “Biz humanitar prinsiplərin necə qurban verildiyinə şahid oluruq, mən BAMF-ı bu müraciətlərə diqqətlə baxmağa çağırıram “, – deyə bildirib.
Kilsə icmaları qaçqınlara xususilə, müsəlman ölkələrindən dinini dəyişməklə gəldiyini iddia edən sığınacaq axtaranlara kömək etməyə çalışırlar. Lakin Almaniyanın hakimiyyət orqanları əvvəlki illərdən fərqli olaraq kilsələrin müraciətlərini əsasən rədd edirlər. Eyni zamanda xəbər verdiyimiz kimi, polislərə kilsələrə daxil olmaqla deportasiyadan yayınanları müəyyən etmək səlahiyyəti də verilib. 
Bir çox kilsələr və xristian icmaları deportasiyanı gecikdirmək və ya qarşısını almaq üçün öz qapılarını açır. Qaçqınlar daha sonra polislərdən müvəqqəti müdafiə verən kilsə binalarında həftələr və aylarla yaşamalı olurlar. Belə davam edərsə, artıq bu təcrübədən faydalananlar olmayacaq.
Bildiririk ki, 2015- 2016-cı illərdə kilsələrin qanunsuz müdafiə təqdim etməsi haqqında bir necə cinayət işi də başlanılmışdı.