Ukrayna prezidenti Vladimir Zelenski sələfi Pyotr Poroşenkonun Andrey Vasilenko və Mixayıl İsakovun Ali Ədliyyə Şurasının üzvləri təyin olunması ilə bağlı imzaladığı fərmanları ləğv edib.

Müvafiq sənədlər Ukrayna hökumətinin rəsmi saytında dərc olunub.

Bundan başqa, Zelenski şuranın üzvlüyünə namizədlərin seçilməsi üçün açıq müsabiqənin keçirilməsi ilə bağlı fərman imzalayıb.

Qeyd edək ki, Ali Ədliyyə Şurası Ukraynada məhkəmə sisteminin müstəqilliyini təmin edir. Şuranın 21 üzvü olur. Dörd il müddətinə seçilən şura üzvünün heç bir siyasi partiya mənsubiyyəti ola bilməz. Bundan başqa, o, hər hansı həmkarlar ittifaqının üzvü ola bilməz, hər hansı siyasi fəalliyətdə iştirak edə, tədris, yaradıcı və elmi fəaliyyətdən savayı, digər ödənişli vəzifələr tuta bilməz.