Vüqar Niftiyev

AzEuroNews.com ➤ Almaniyanın Xarici İşlər Nazirliyi azərbaycanlı jurnalist, Fransada fəaliyyət göstərən “Turan TV”nin əməkdaşı Vüqar Niftiyevin deportasiya qərarını ləğv edib. Bu barədə AzEuroNews.com-a Hollandiyada yaşayan jurnalist Fikrət Hüseynli məlumat verib.

Fikrət Hüseynli
Fikrət Hüseynli

Onun sözlərinə görə, jurnalistin deportasiya qərarı ilə bağlı AND hərəkatı, “Turan TV” və Sərhədsiz Reportyorlar adından dərhal Almaniyanın Xarici İşlər Nazirliyinə müraciət olunub. 

“Müraciətimizi nəzərə alan Almaniyanın Xarici İşlər Nazirliyi Vüqar Niftiyevin Almaniyadan deportasiya edilməsi ilə bağlı qərarı ləğv edib. Hazırda o, Almaniyadakı evindədir“– deyə F.Hüseynli bildirib.

Xatırladaq ki, jurnalistin Almaniyadan deportasiya edilməsi ilə bağlı Azərbaycanın “Report” informasiya agentliyi məlumat yayıb. Agentliyin Avropa bürosunun əldə etdiyi məlumata görə, sığınacaq üçün Almaniyaya müraciət edən jurnalist V.Niftiyev rədd cavabı alıb.

Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) ötən ay azərbaycanlı jurnalist haqqında deportasiya qərarı çıxarıb.

“Turan TV”də yayımlanan “Azərbayacan Saatı” verlişi üçün çalışan jurnalist ötən gün polislərin müşayiəti ilə Düsseldorf hava limanına gətirilib.

Ukraynanın paytaxtı Kiyevə yola salınan jurnalistin oradan Azərbaycana göndərilməsi gözlənilirdi.