Almaniyada yaşayan soydaşımız bəstəkar Xədicə Zeynalovanın “Odlar ölkəsindən – Azərbaycan və Almaniya arasında körpülər” adlı ilk albomu işıq üzü görüb.

2018-ci ilin oktyabrında “Deutschlandfunk” radiosunda yazılmış albom Almaniyanın Mədəniyyət Nazirliyi və “Dreyer/Gaido” musiqi firmasının dəstəyilə ərsəyə gəlib. Bəstəkar albomu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edib. 

Alboma bəstəkarın “Atəşgah”, “İmpressions”, “İki Miniatur”, “Journey to Love”, “SƏMA”, “Odlar ölkəsi Azərbaycandan lövhələr”, violonçel üçün sonata kimi əsərləri daxil edilib. Əsərlər bu il aprelin 28-də və mayın 4-də Almaniyanin Wöbbel və Eckardskirche Bielefeld şəhərlərində keçirilmiş konsertlərdə təqdim olunmuşdu. 

Qeyd edək ki, Almaniyada Azərbaycan musiqisini təbliğ edən bəstəkar “Bridge of Sound” ansamblının bədii rəhbəri və eyniadlı cəmiyyətin sədri, Paderborn Universitetinin ve Detmold Musiqi Akademiyasının dosentidir.