Hər kəsin böyük maraqla gözlədiyi İstanbul bələdiyyə başqanı seçkisi öncəsi namizədlərin iştirakı ilə keçirilən teledebat yekunlaşıb.

Musavat.com xəbər verir ki, Əkrəm İmamoğlu ilə Binali Yıldırım arasında teledebat “Lütfü Kırdar Konqre Mərkəzi”ndə keçirilib.

Aparıcı İsmayıl Küçükkayanın moderatorluğu ilə baş tutan debat tərəflərin bir-birini qarşılıqlı olaraq Atalar Günü münasibətilə təbrik etməsi və hədiyyələr verməsi ilə başlayıb. Ardınca namizədlər İstanbulun həyatı ilə bağlı ayrı-ayrı sahələr üzrə vədlər veriblər.

B.Yıldırım 25 ildir AKP-nin bələdiyyəçiliyinin İstanbula çox şey qatdığını deyib. O, buna örnək olaraq bir çox rəqəmlər səsləndirib və Ə.İmamoğlunun bəzi endirim təkliflərini də onların tərzini qəbul etməsi kimi qiymətləndirib.

Ə.İmamoğlu isə 18 günlük bələdiyyə sədrliyi dönəmində vəd etdiklərini bir-bir yerinə yetirdiklərini bildirib və bir çox layihələrini qarşı tərəfin özünküləşdirməyə çalışdığını deyib. Qarşı tərəfə “25 ildə etdiklərinizi təbii ki edəcəksiniz” deyən İmamoğlu su endirimi, nəqliyyatla bağlı layihələrini səsləndirdikləri zaman qeyri-adekvat reaksiya ilə qarşılaşdıqlarını vurğulayıb. Namizədlər daha sonra nəqliyyat, uşaq və gənclər, şəhərin yaşıllaşdırılması ilə bağlı siyasətlərini açıqlayıblar.

Amma üç saata yaxın davam edən debatla bağlı ekspertlərin mövqeləri qənaətbəxş olmayıb. İstər sosial araşdırma şirkətləri, istərsə müstəqil

jurnalistlər sosial şəbəkədə yazdıqları statuslarla bu axşamkı müzakirənin hər iki namizədin imicinə müsbət təsir etməyəcəyini bildirib. Bundan başqa, bu debatın 23 iyun seçkilərinə hər hansı təsir göstərməyəcəyi, moderatorun kontr suallar hazırlamamasının yanlışlıq olduğunu deyənlər də çoxluq təşkil edib. Məşhur qəzetçi Uğur Dündar isə namizədlərə sualları cavablandırmaları üçün ayrılan 3 dəqiqənin yetərsiz olduğunu bildirib. Müzakirə zamanı B.Yıldırımın Ə.İmamoğlunun sözünü zaman-zaman kəsməsi, sonuncunun isə buna görə əlavə vaxt istəməsi diqqətdən qaçmayıb.

Son sözlərində Ə.İmamoğlu İstanbulun daha rahat nəfəs alacağı bir şəhər yaratma arzusunda olduğunu deyib və “hər şey çox gözəl olacaq” şüarını bir daha təkrarlayıb. B.Yıldırım isə bu günə qədər həyata keçirdiyi layihələri xatırladaraq şəhərdəki nəqliyyat probleminə son qoyacağını vəd edib. Hər iki namizəd seçiciləri seçkilərdə aktiv iştirak etməyə çağırıb.

Canlı yayına həyat yoldaşları və oğulları ilə birgə qatılan hər iki namizəd aparıcının da təklifi ilə verilişdən sonra ailəcə şəkil çəkdirəcəklərini vəd ediblər.

musavat.com