AzEuroNews.com ➤ ”Sky Atlantic” və “HBO”  film studiyalarının birlikdə çəkdiyi və 5 bölümdən ibarət mini serial ”Çernobıl” hazırda reytinq göstəricilərində birinci sırada qərarlaşıb. AzEuroNews.com xəbər verir ki, serialın mayı 7-də yayıma başlamasından sonra Çernobıl Atom Elektrik Stansiyasının olduğu Ukrayanın Pripyat şəhəri turist axınına məruz qalıb. Artıq paytaxt Kievdə fəaliyyət göstərən bir çox turizm şirkəti öz səyyar şöbələrini Pripyatda açmağa məcbur qalıblar. 

Bölgədə radiasiya dərəcəsinin çox olması və bəzi yerlərdə bunun insan sağlamlığına ziyan verəcəyi bildirildikdən bura gələn turistlər xüsusi bələdçilərlə gəzmək məcburiyyətindədirlər. 

Çernobılda nə baş vermişdi ?

1986-cı il aprelin 26-da Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli enerji blokunun reaktorunda qəza baş verir. Güclü partlayış reaktoru əhatə edən qoruyucu örtüyü dağıdır və yanğına səbəb olur. 

Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə stansiyaya dərhal ordu qüvvələri və helikopterlər cəlb olunur. Eyni zamanda SSRİ-nin hər yerindən on minlərlə könüllü də bu əməliyyatlara qoşulur. Qəzanın nəticələrinin aradan qaldırılması işləri 9 gün davam edir və partlayış baş verən 4-cü blokun üzərinə 5 min tondan çox qum, çınqıl tökülür. Qəzalı blok dəmir beton hissələri ilə örtülür.

Radioaktiv şüalanma partlayış baş verən anda minlərlə kilometr məsafəyə yayılır. Qəza zonasına yaxın ərazilərdə yaşayan insanlar şüalanmaya məruz qalan ərazidən uzaqlaşdırılır və stansiya ətrafında Pripyat və Çernobıl şəhərlərinin də daxil olduğu 30 kilometrlik radiusda “təcrid zonası” yaradılır. 

Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatlarına ümumilikdə 650 min insan cəlb edilib. Rəsmi məlumatlara görə, onların 15 mindən artığı bir neçə ildən sonra şüalanma nəticəsində dünyasını dəyişib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm 95-100 min arasındadır. Xilasetmə işlərində iştirak edən digər insanlar ağır şüalanmaya məruz qalıblar.

Partlayışdan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət edib və bu ərazilərin ekoloji vəziyyətinə ciddi təsir göstərib. AES-in partlamış bloklarının təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatlarda 15 mindən çox azərbaycanlı da iştirak edib ki, onların da böyük əksəriyyəti 1-ci qrup əlildir.

Həmin bölgədə və qonşu ərazilərdə yaşayan təxminən 6-8 milyon insan da müxtəlif dərəcədə şüalanmaya məruz qalıb.

Turist kimi ziyarət etmək təhlükəlidir?

Hazırda ərazi hərbiçilər tərəfindən qorunur. Şəhərə bütün giriş-çıxışlarda postlar qurulub. Turizm şirkətlərinin bələdiçiləri xüsusi təlimdən keçiblər. Onlar sizə radiasiyanın təsirini azaldan xüsusi geyimlər və “Geiger” cihazı verirlər. Bu cihaz vasitəsi ilə siz ərazidə gəzərkən radiasiyanın miqdarını nəzarətdə saxlayaraq səyahətinizi normal şəkildə təşkil edə bilirsiniz. 

Yalnız bələdçilərin məsləhət gördüyü əraziləri gəzsəniz sizə təsir edəcək radiasiyanın miqdarı təyyarə ilə uzaq səfərlər zamanı qəbul etdiyiniz radiasiyaya bərabər olacaq. Bu da, ciddi təhlükə yaratmır. 

Çernobılda bəzi ərazilərə giriş qadağası var. Onların sırasında faciə günü yanğınsöndürənlərin paltarlarını çıxarıb atdığı bina, xəstəxana və məktəb binası gəlir. Buradakı əşyalar yüksək miqdarda radiasiya yayır. 

Əraziyə səfəri tamamlayanlar isə, şəhərin çıxışındakı polis postlarında xüsusi yoxlamadan keçirlər. Son illər turist kimi gələn şəxslər arasında oğruların sayı artıb. Onlar Çernobıl sakinləri, yanğınsöndürən və əsgərlərə aid əşyaları oğurlayaraq müxtəlif auksionlarda satışa çıxararaq qazanc əldə edirlər. 

Bu isə, çox təhlükəlidir. Çünki həmin əşyalar insan orqanizminə pis təsir edə biləcək radiasiyaya sahibdirlər.