Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze vəzifəsindən istefa verib.

Bu barədə “RİA Novosti” xəbər verir.

Onun istefasına Tbilisidə keçirilən etiraz aksiyaları səbəb olub.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun Bakıda səfərdə olan parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisi küçələrinə çıxan aksiyaçılar parlament sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Dünən keçirilən aksiya gecə saatlarında polis tərəfindən dağıdılıb, onlarla insan xəsarət alıb.

Yaranmış vəziyyətlə əlaqədar Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 53-cü Baş Assambleyasında iştirak edən İ.Kobaxidze səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.