Naqif Həmzəyev

AzEuroNews.com  ►“Məqsədimiz bütün azlıqların hüquqlarını qorumaqdır. Qadınlara qarşı şiddətin qarşısını almaq qarşımızda duran hədəflər arasındadır. Bu istiqamətdə lazımi tədbirlər görülməlidir. Qadınlara qarşı zorakılıqla bağlı İstanbul Konvensiyası ilə əlaqədar böyük addımlar atılıb və bunu yüksək qiymətləndiririk”. AzEuroNews.com xəbər verir ki, bunu AŞPA-nın yay sessiyasında “Qadınlara qarşı zorakılığa dair İstanbul Konvensiyası: nailiyyətlər və çətinliklər” adlı birgə müzakirələrdə Azad Demokratlar Qrupu adından çıxış edən Naqif Həmzəyev bildirib.

Azərbaycanlı deputat deyib ki, qadın zorakılığına qarşı mübarizədə İstanbul Konvensiyası böyük əhəmiyyət daşıyır: “Ancaq bu asan proses deyil. Bu proses böyük dəyişikliklər tələb edir. İstanbul Konvensiyasına uyğun olaraq bu sahədə nailiyyətlər əldə olunsa da, hələ ki çətinliklər qalmaqdadır. Bizim qitədə olan müxtəliflik böyük sərvətdir. Biz bu müxtəlifliyi bir araya gətirməliyik. Olduğu kimi bir yerdən götürüb digər yerə qoymaq vərdişinə üz tutmamalıyıq. Bunun üçün öyrəşmə, özününküləşdirmə kimi mərhələlərdən keçilməlidir. Yalnız bu yolla nailiyyətlər əldə etmək mümkündür”. 

N.Həmzəyev qadınlara qarşı zorakılıq aktlarına son qoymaq naminə səyləri birləşdirməyə çağırıb.